XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 08:22

Putindən yeni prezidentə təbrik və dəvət –Trampı və NATO-nu tənqid edən Ştaynmayer Rusiya ilə yumşaq davranış tərəfdarıdır

staynmayer-3

Almaniyada xarici işlər naziri Frank-Valter Ştaynmayer ölkənin prezidenti seçilib.

Almaniyada prezident vəzifəsi İkinci Dünya Müharibəsindən sonra təsis edilib və əsasən mərasim xarakteri daşıyır.

Ötən ayadək ölkənin xarici işlər naziri olmuş sosial-demokrat Frank-Valter Ştaynmayerə 1239 millət vəkili və 16 federal torpağın nümayəndələrindən 931-i səs verib.

Bundestaqın spikeri Norbert Lammert səsvermə nəticələrini elan etdikdən sonra bütün parlament gurultulu alqışlarla ayağa qalxıb. Təkcə antimiqrant sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının üzvləri əl çalmayıblar və ayağa qalxmayıblar.

AfD-nin Bundestaqda mandatı yoxdur, lakin o, Almaniyanın 16 ştatının parlamentlərində 10 yerə malikdir. AfD-nin prezidentliyə namizədi 42 səs qazanıb.

"Mən inanıram ki, Ştaynmayer bizim ölkəmizə çətin vaxtlarda rəhbərlik edə biləcək” – deyib kansler Angela Merkel.

Xanım Merkelin özü kanslerliyə dördüncü müddətə namizədliyini irəli sürəcək.

"Reuters" agentliyi xəbər verir ki, Ştaynmayerin prezident seçilməsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putin onu təbrik edib və Moskvaya rəsmi səfərə çağırıb.

"Reuters" diqqəti belə bir məqama çəkir ki, Ştaynmayer ötən il NATO-nun Şərqi Avropada hərbi manevrlər keçirməsini tənqid etmiş və bunu “qılınc oynatmaq” adlandırmışdı.

Bundan başqa yeni prezidentin sosial-demokrat partiyadaşları Merkelin mühafizəkarları ilə müqayisədə Rusiyaya daha yumşaq münasibət təklif edirlər.

Rusiya yumşaq münasibəti ona qarşı Krımın ilhaqına və Ukraynanın şərqində münaqişəni qızışdırdığına görə Avropa İttifaqı tərəfindən qoyulmuş sanksiyaların qaldırılmasında görür.

Lakin “The İndependent” qəzeti yazır ki, cənab Ştaynmayerin Putini qane etməyəcək tərəfi də var.

Almaniya qəzetləri onu “antitramp prezident” adlandırıblar. O, Donald Trampı ABŞ prezident seçkisi kampaniyası zamanı daim sərt tənqid edib.

Ştaynmayer dünya boyunca populistlərin yüksəlişi barədə suala cavab verərkən deyib ki, AfD kimi millətçilərdən, Britaniyanın Avropa İttifaqından çıxmasına sevinənlərdən və Donald Tramp kimi “nifrət vaizlərindən” qorxmaq lazım deyil. / Azadliqradiosu.az