XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 10:04

Keçmiş prokurorun İlyas İsmayılov haqqında xatirələri –"Ədaləti həyat kredosuna çevirən adam"

 

ilyas-ismayil0v-2

(Əvvəli nu linkdə: http://strateq.az/siyaset/138181/kecmis-prokurorun-ilyas-ismayilov-haqqinda-xatirələri.html)

Corc Cardan adlı xristian bir yazar Həzrət Əli haqqında bir tədqiqat əsərində qeyd edir ki, “mən Əlini İsadan üstün tutmaq istədim, dini təəssübkeşliyim buna imkan vermədi. İsanı Əlidən üstün tutmağı isə vicdanım rəva görmədi”. Yazar bu tərəddüdünün səbəbini Həzrət Əlinin ədalətiylə əsaslandıraraq, deyir: “Həzrət Əli ədalətinin çoxluğu ucbatından ibadət mehrabında şəhid oldu”.

Mən hər dəfə İlyas müəllim haqqında fikirləşəndə Həzrət Əli haqqında deyilən bu fikirləri xatırlayıram. Çünki İlyas müəllimdə də ədalət hissi həddindən artıq güclüdür və onun hazırda cəmiyyətimizdə layiq olduğu yerdə olmaması da, zaman-zaman qərəzli ittihamlarla qarşılaşması da bu məziyyətindən irəli gəlir.

İlyas müəllim həm də olduqca hümanist adamdır. O dövrün bütün prokurorları İlyas müəllimin həmin xüsusiyyətini bilir və buna görə də cəsarətli qərarlar qəbul edirdilər. Çox təfərrüatına varmadan bu barədə bir neçə faktla oxucuları tanış etmək istərdim.

İlyas İsmayılovun hümanistliyi

Cəlilabadda yenicə işə başlamışdım. Məndən əvvəlki dövrdə Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu gəlib şərab zavodlarını yoxlamış, 800 yüz min manatlıq mənimsə faktı ortaya çıxartmışdı. İşin dövlət ittihamçısı mən idim. Hakim isə Ali məhkəmənin üzvü Məmməd Abdullayev idi. Rəhmətlik çox obyektiv və ədalətli hakim kimi tanınırdı.

Sənədlərlə tanış olanda gördüm ki, ittihamdakı məbləğ real mənimsəmə faktından 600 min manat yüksəkdir. Zəng edib bunu İlyas müəllimə dedim. İlyas müəllim tapşırdı ki, işi obyektiv aparım. Özü isə zəng vurub müavinləri Ələddin Sultanova və Mirağa Cəfərquliyevə vəziyyəti izah edəcəyinə söz verdi. Müstəntiqlərlə oturub müzakirə edəndən sonra ittiham aktında artıq yazılan 600 min manatı çıxdıq. Amma yenə də Cinayət Məcəlləsi müttəhimlərə 10 ildən aşağı iş istəməyə imkan vermirdi. Məni isə müttəhimlərdən bir qızın taleyi daha çox narahat edirdi. Milli mentalitetdən gələn daxili hislərim qızın həbs olunmasına razı deyildi. Məhkəmənin sonunda müttəhimlərə dövlət ittihamçısı kimi iş istəməliydim. İlyas müəllimə arxayın olub riskə getdim: qıza 41-ci maddə tətbiq olunmaqla şərti cəza istədim.

İnanırsınızmı, bütün məhkəmə salonu, o cümlədən  müqəssirlər belə, ayağa qalxıb mənim bu riskli qərarımı gurultulu şəkildə alqışladı. Baxmayaraq ki, mən onlara əslində az cəza istəməmişdim. Lakin ədalətin kəsdiyi barmaq ağrımamış və mənim müttəhimlər arasındakı qadına hümanist yanaşmağım onları da sevindirmişdi.

Məni bu cür riskli qərar verməyə həvəsləndirən İlyas müəllimə olan dərin inamım idim. Bilirdim ki, bu böyük insan adı cinayət əməlində istifadə edilən Azərbaycan qadınının həbsxanaya düşməsinə razı olmayacaq və atdığım bu addımı bacardığı qədər dəstəkləyəcək. Ona güvənib riskli addım atan prokuror təkcə mən deyildim, İlyas müəllimin ədalətli mövqeyi mənim kimi bütün həmkarlarıma eyni cəsarəti verirdi.

İlyas müəllimin hümanistliyindən başqa bir nümunəni nəzərinizə çatdırmaq istəyirəm.

1986-cı ilin iyul ayında ümumi nəzarət qaydasında Cəlilabadda 5 mağazanı eyni vaxtda təftiş etmişdik. Mağazalarda mənimsəmələrə yol verilir və bu barədə dəfələrlə xəbərdarlığımız nəticəsiz qalırdı. Biz də mağazalarda yoxlamalar aparıb, hamısında müxtəlif qanun pozuntuları aşkar etmişdik. Birində isə 14 min manat kəsir vardı. Həmin mağazanın müdirini həbsə alıb məhkəməyə verdik. Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən, ona ən azı 10 il iş düşürdü.

İşi Ali Məhkəmənin məşhur hakimi Cabir Kərimov aparırdı. Məhkəmənin sonunda soruşdum ki, “Cabir müəllim bu işə Cinayət Məcəlləsinin 40-cı maddəsini tətbiq etmək olar?” Soruşdu ki, “nə zərurət var?” Dedim ki, “Moskvadan Cəlilabada qədər nə qədər tələbə yoldaşım var, hamısı bu işdən ötrü telefon açır, məndən müttəhimin ailə vəziyyətini nəzərə almağı xahiş edirlər. Adamın 4 azyaşlı uşağı var”. Hakim bildirdi ki, “sən nə desən, onu edəcəyəm, amma öz rəhbərini xəbərdar et”.

İlyas müəllimə zəng etdim. Vəziyyəti ona danışdım. Bildirdi ki, “maddənin aşağı həddini verin”. 40-cı maddənin tətbiq etmək istədiyimi eşidəndə 86-cı maddənin minimum həddini tələb etməyimə göstəriş verdi. Bu isə 6 il cəza demək idi. Halbuki, müttəhimə tətbiq ediləcək maddə ən az 10-15 il cəzanı nəzərdə tutur. Yuxarı hədd isə güllələnmə idi. Xatırladım ki, 63-64-cü illərdə 10 min manatdan yuxarı mənimsəmə faktına görə 500-ə qədər adamı güllələmişdilər. Onlardan 20-30 nəfəri də Azərbaycandan idi.

O, həm də sərt və ciddi prokuror idi

Bir çoxları onun ciddiliyindən və sərtliyindən danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İsmayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nəticəsində törənən hadisələrə qarşı isə hümanist idi.

Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!”- səhv etmirəmsə, Qarboçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək mahiyyətdə idi. İlyas müəllimin bizə təlimatı, təxminən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla nə işiniz var sizin?!

İlyas müəllimin bu gün də aktual olan bu təlimatı hüququn aliliyi prinsipinin  təməllərini təşkil edir. Qanunlar hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməllərinə layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuzluğa sürükləyənlər cəzalanmalıdırlar.

Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun dövründə Azərbaycan hüquq sistemində cinayət işlərinə xitam verilməsinin sayı da artmışdı. Halbuki, o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işi xitamları 20%-i keçdiyi halda, bizdə buna yol verilmirdi. Kiçik məbləğlərə görə, ən ağır cəzalar kəsilirdi. Azərbaycan məhkəmələrinin bu ənənəsi Stalin represiyasının davamını xatırladırdı. İlyas İsmayılovun islahatları sayəsində bu repressiv ənənənin qarşısı alındı.

1983-cü ildə Masallıda prokuror köməkçisi olarkən qarşılaşdığım bir hadisə bunun ən baruz nümunəsidir. Hadisənin qısa hekayəsi belədir.

Əlimə maraqlı bir material düşmüşdü. Rayon sakinlərindən biri Neft daşlarında işləyirdi. O, həm də sovxozda manqa başçısı idi. Ayın 15 gününü Neft daşlarında, digər 15 günü isə sovxozda işləyirdi. Neft daşlarında olduğu zaman onun işini əmisi oğlu yürüdür və sənədləşdirməni birgə aparırdılar. Hüquq mühafizə orqanları həmin manqa başçısının işini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdı. Ona qarşı cinayət işi açılması tələb olunurdu. Materialla tanış olub, bu işə xitam vermək qərarına gəldim. Çünki hadisədə cinayət tərkibi yox idi. Uzaq başı, bu əməl mülki iş kimi xarakterizə oluna bilərdi.

Mənim imtinamı görüb prokurorun özü CM-nin 86/2 maddəsilə cinayət işi açdı. Savadlı bir hakimimiz vardı, o, işi əlavə istintaqa qaytardı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika prokurorunun müavini idi. Bu işdən xəbər tutan kimi ona yenidən baxılmasını təmin etdi. Nəhayət, həmin prokuror müttəhimi 80 manatla məhkum etdirdi. İlyas müəllim Respublika prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri həmin prokuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.

Yaxud başqa bir fakt. 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovski  şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.

Mən İlyas müllimə telefon açdım. İşi məruzə etdikdən sonra zərərçəkmiş özü olduğuna görə, (qanunda bu nəzərdə tutulmamışdır) cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi. Dedi- “Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harda olacam, sən harda olacaqsan bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir”.

Dediyi kimi də etdim. Həmin şəxs məhkəmədə şərti cəza aldı. Bu da həmin dövrdə görünməmiş hadisə idi.

Cəlilabada yeni Prokuror təyin olunmuşdum. İcraatı dayandırılmış işləri yoxlayarkən bir avtoqəza diqqətimi cəlb etdi. Bir kişi üçtəkərli mototskletlə, arvadı ilə qonşu kənddən evlərinə gəlir. Həyətdə  mototskletdən düşərkən, arvadının tərpənmədiyini görür. Məlum olur ki, arvad  kəlayağısının ucu kardana ilişdiyindən boğulub ölüb.

Texniki ekspertiza sürücünü təqsirli bilirdi, ona görə ki, mototskletdə sərnişin başına kaska qoymalı idi. Meyit daxili müayinə olunmadığına görə C.M-nin 208 m 2-ci hissəsi ilə başlanmış cinayət işinin icraatı dayandırılmışdır. Mən İlyas müəllimə məruzə etdikdən sonra sürücünün hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmaması motivi ilə cinayət işinin icraatına xitam verdim.

Ümumiyyətlə, İlyas müəllim bir neçə ağır cinayətləri çıxmaq şərti ilə bütün hallarda güzəşt etməyi bacaran adam idi.

 

 (ardı var)

Ələmdar Məmmədov

Keçmiş prokuror