Anna Ahronheim, "Jerusalem Post"
İsrail və Türkiyə arasında diplomatik əlaqələrin davamlı istiləşməsinə baxmayaraq, yaxın gələcəkdə hərbi münasibətlərin soyuq qalması ehtimal olunur. Bunu "Jerusalem Post"a Türkiyə üzrə aparıcı ekspert, Tel-Aviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin əməkdaşı Hay Eytan Cohen Yanarocak bildirib. O deyib: "Ankara çox İsrailpərəst görünmək istəmir".
H.Yanarocakın sözlərinə görə, iki ölkə arasında yaxınlaşma qismən İsrailin Aralıq dənizindəki qaz yataqları ilə bağlı müştəri axtarışı ilə bağlıdır və Türkiyə bu sahədə regional nüfuzunu gücləndirmək istəyir.
Bundan başqa, Suriya müharibəsi kimi regional təhlükəsizlik məsələləri ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın praqmatizmi də burada öz sözünü deyir. "İslam Dövləti"nin yaradılması, 2015-ci ildə Suriya üzərində Rusiya reaktiv təyyarəsinin vurulması və Ağ Evdə dəyişiklik də Ərdoğanı bu fikrə gətirdib.
Laklin Türkiyə hərbçiləri İsrail ordisunu müttəfiq yox, rəqib kimi görürlər.
"1960-cı illərdə başlayıb 90-cı illərədək Türkiyə və İsrail müdafiə sənayesində, təhlükəsizlik sahəsində əməkdaşlıqda, kəşfiyyat mübadiləsində və hərbi təlimlərdə yaxın müttəfiqlər idi. 1994-cü ildə müdafiə sahəsində əməkdaşlıq sazişi və 1996-cı ildə hərbi təhsil haqqında əməkdaşlıq sazişi imzalanıb.
Bu iki müqavilə nəzərə alınmaqla, təhlükəsizlik sahəsində hərbi əlaqələr Yaxın Şərqdə ən yaxınlardan biri oldu. İsrail hətta Kürd Fəhlə Partiyasına (PKK) dair kəşfiyyat məlumatları verir, Ankara isə İranla bağlı məxfi məlumatları İsrailə ötürərək qarşılıqlı əməkdaşlığı davam etdirirdi.
Hər iki ölkə birlikdə illik hərbi dəniz və hərbi hava qüvvələrinin təlimlərindən faydalanırdı. Lakin əlaqələrin pisləşməsi ilə hərbi təlimlər əvəzinə, İsrail Türkiyənin düşmənləri – Yunanıstan və Kipr yunanlarının toplaşma yerinə çevrildi.
Bundan əlavə, Türkiyə İsrailin satdığı silahların əsas müştərilərdən biri idi. İsrail firmaları Türkiyənin "M-60" tankları (650 milyon $) və "F-4E" döyüş təyyarələrini (təxminən 1 milyard $) təkmilləşdirir, eləcə də Türkiyəni "Heron" dronları ilə (200 milyon $) təchiz, elektron kəşfiyyat və nəzarət sistemləri (200 milyon $), qabaqcıl raket sistemləri və smart sursatla (150 milyon $) təmin edirdi.
"Mavi Mərmərə" böhranından sonra Ankara bütün müdafiə sənayesi layihələrini və Tel-Avivlə hərbi əməkdaşlığı dondurdu. H.Yanarocakın sözlərinə görə, İsrail bir daha Türkiyə ilə silah sövdələşməsini imzalamaq istəyir, lakin Tel-Aviv Türkiyə ordusunda hər hansı bir yeni texnologiyanın peyda olmasından ehtiyatlanır.
Əlaqələrin pozulmasından sonra Türkiyə Tel-Avivin NATO ilə hərbi əməkdaşlığını təcrid etməyə səy göstərirdi. Amma barışıqdan sonra Ankara uzunmüddətli vetosunu geri çəkib və İsrailin təşkilatda üzvü yox, tərəfdaş ölkə kimi qəbul olunmasının əleyhinə deyil.
Bu addım İsrail Baş Qərargahı rəisinin müavini Yair Qolan və onun türkiyəli həmkarı general Hulusi Akar arasında Alyansın qərargahında, Brüsseldə yüksək səviyyəli hərbi rəsmilər arasında yanvar ayında baş tutan NATO konfransı çərçivəsində atılıb.
Bununla birgə, ABŞ Altıncı Donanmasının komandanı, eləcə də Neapolda (İtaliya) Birləşmiş Qüvvələrin rəhbəri, admiral Mişel Hovardın yanvar səfəri zamanı İsrail hərbi dəniz qüvvələrinin komandanı Assad Bone kordinasiya barədə razılığa gəliblər.
Yanarocakın sözlərinə görə, "ola bilsin ki, gələcəkdə Türkiyə gəmiləri birgə təlimlər üçün Hayfa limanına yan alacağını görəcəyik".
Ekspertin qənaətinə görə, münasibətlərin yaxşılaşmasında ən yaxşı rolu türk mediası oynaya bilər. Lakin bunun üçün İsrailin Qəzza zolağına zərbələr endirməməsi gərəkdir.
"Əgər yüksək vəzifəli şəxslər arasında görüş birinci səhifələrə çıxarılmayıbsa, deməli, münasibətlərin səmimiliyinə inanmağa dəyməz", – deyən analitik əlavə edib: "İki ölkə arasında etibarın gücləndirilməsi üçün bir neçə addım atılıb, amma hazırda tərəflər bir-birinə tam etibar etmir".
Yanarocaq diqqəti "PEW" Araşdırma Mərkəzinin 2014-cü ildə keçirdiyi sorğuya çəkir. Həmin sorğuda İsrailə qarşı Türkiyədə ən nifrətamiz ölkə rəyi vardı. "Daha yüksək səviyyəli qarşılıqlı səfərlər olmalıdır ki, ciddi hərbi yaxınlaşmaya qədər sıravi Türkiyə vətəndaşları diplomatik yaxınlaşmanı görsünlər". Yanarocak vurğulayıb ki, "Türkiyə əsgərləri bir daha İsrail əsgərlərini müttəfiq kimi görməlidirlər".
Tərcümə: Strateq.az