XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 10:13

Prezident Administrasiyası:“Vətəndaşlara qarşı vəzifəsindən sui-istifadəyə görə 27 vəzifəli şəxs işdən çıxarılıb”

ilham xalq

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2016-cı ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 187 kollegiya iclasında, həmçinin bir çox müşavirə və toplantılarda müzakirəyə çıxarılıb.

Strateq.az bildirir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunub.

Yol verilən nöqsanlara görə 1712 cavabdeh şəxslə bağlı tədbirlər görülüb, o cümlədən 858 nəfərə töhmət və şiddətli töhmət verilib, 31 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin ixtisas dərəcəsi aşağı salınıb, 114 nəfərin əmək müqaviləsinə xitam verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 3 nəfərə cərimə kəsilib. Bundan başqa, 685 nəfərə xəbərdarlıq edilib.

“2016-cı ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 363 şura iclasında, həmçinin müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılıb. Müraciətlərə baxılmasına cavabdeh 335 şəxs barəsində tədbirlər görülmüş, o cümlədən 59 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 6 nəfər aşağı vəzifəyə keçirilmiş, 9 nəfərin əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, 261 nəfərə xəbərdarlıq olunmuşdur”.

Təhlildə deyilir ki, mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,1 faizi müsbət həll olunmuş, 6,3 faizi qismən təmin edilmiş, 13,6 faizi əsassız sayılmış, 29,8 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 15,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 3,5 faizi icrada saxlanılmışdır.

“Yerli icra hakimiyyətlərində müraciətlərin 24,3 faizi müsbət həll olunmuş, 4 faizi qismən təmin edilmiş, 3,7 faizi əsassız sayılmış, 55,7 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 10 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 2,3 faizi icradadır”.

Sənəddə vurğulanır ki, Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün dövlət orqanlarına və digər qurumlara göndərilən müraciətlərin isə, alınmış cavablardan göründüyü kimi, 28 faizi müsbət həll olunmuş, 13,2 faizi qismən təmin edilmiş, 22,7 faizi əsassız sayılmış, 27,1 faizinə müvafiq izahat verilmiş, 1 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulmuş, 8 faizi icrada saxlanılmışdır.

“Prezident Administrasiyasında dövlət orqanlarından və digər qurumlardan alınmış cavablar, bir qayda olaraq, təhlil edilir, vətəndaşların müraciətlərində qaldırdıqları problemlərin araşdırılmasının nəticəsi daim diqqət mərkəzində saxlanılır, lazım olduğu təqdirdə, aidiyyəti üzrə müvafiq təşkilatlarla birgə təkrar araşdırma aparılır”.

2016-cı ildə nəzarətə götürülmüş müraciətlər əsasında ayrı-ayrı şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb, qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər cərimə olunub, vətəndaşların hüquqları bərpa edilib.

Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir RİH-də və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılıb, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülüb.