XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 12:15

ABŞ və Rusiya generalları Azərbaycanda görüşür:Tramp və Putin görüş üçün niyə Bakını seçib? – “Nyu-York Tayms”

putinn-trump-1

Xəbər verildiyi kimi, bu gün ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov görüşəcəklər. Bu, 2014-cü ildən bəri Rusiya ilə ABŞ arasında baş tutacaq ən yüksək səviyyəli hərbi danışıqlardır. Gözlənilir ki, tərəflər Suriyadakı hərbi əməliyyatları, İŞİD-ə qarşı birgə mübarizəni və Ukraynadakı situasiyanı, habelə son vaxtlar artan nüvə təhdidlərini və digər məsələləri müzakirə edəcəklər.

Generalların görüşmək üçün niyə məhz Bakını seçdikləri müəmmalı idi. Ancaq ehtimal edilirdi ki, bu, ABŞ-la Rusiya arasında indiki mürəkkəb münasibətlər fonunda belə görüşün tərəflərdən hansısa birinin paytaxtında təşkilinin qeyri-mümkün olması ilə əlaqəlidir.

“The New York Times” bu müəmmanın səbəbini açıb. Qəzetin yüksək rütbəli rəsmilərə istinadən görə, görüşü təşkil etmək asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Əvvəlcə Rusiya amerikalı generalın Moskvaya, ya da Belarusun paytaxtı Minskə gəlməsini istəyib. Pentaqon isə bu variantdan imtina edərək görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ancaq Ukrayna məsələsindən sonra Avropa Birliyi digər Rusiya rəsmiləri kimi Valeri Gerasimova da sanksiya qoyduğundan, bu variant da baş tutmayıb. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.

Bakı görüşünün mövzusu haqda detallı bilgi verilmir. Pentaqonun yaydığı məlumatda görüşdə ABŞ və Rusiyanın hərbi münasibətlərinin, mümkün problemləri önləməkdən ötrü vacib olan əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi deyilir.

Generallar Danford və Gerasimovun Bakıda məhz harada görüşəcəyi məlum deyil. Eləcə də görüşün saatı və digər detallar haqda hələlik məlumat yoxdur. Lakin bu dəqiqələrdə yayılan məlumata görə general Danford artıq Bakıdadır və prezident İlham Əliyevlə görüşüb. Məlumatı prezidentin rəsmi saytı yayıb. “The New York Times”  yazır ki, Rusiyayla ABŞ-ın hərbi münasibətlərinin yolunda olmadığı hamıya bəllidir. Elə keçən həftə Pentaqon rus qırıcılarının Qara dənizdəki ABŞ gəmiləri ətrafında təhlükəli manevrlər etdiklərini bildirib. NATO rəsmiləri belə insidentlərin son zamanlar adi hal aldığını vurğulayırlar. Bundan başqa, Rusiyanın sərhədlərinə qanadlı raketlər düzməsi durumu gərginləşdirib, ABŞ Moskvanın bununla ortaməsafəli raketlər haqda 1987-ci ildə bağlanmış müqavilənin şərtlərini pozduğunu deyir. Moskva ittihamları rədd edir.

Odur ki, hərbi liderlərin görüşünün səmərəsi haqda fikirlər müxtəlifdir. Bəzi ekspertlərin fikrincə, ABŞ prezidenti D.Tramp Rusiyayla münasibətləri yoluna qoymaq niyyətini bildirsə də, onun administrasiyasının Moskvaya münasibəti hələ aydın deyil.

“Məncə, əvvəl xalqa bu administrasiyanın Rusiyayla bağlı strategiyasını anlatmaq, sonra yaxınlaşmaq lazımdır… İşi iş görmək xatirinə görməməliyik. Aydın məqsədlər olmadan yaxınlaşmaq Rusiyanın dəyirmanına su tökmək olar». Bunu B.Obama administrasiyası zamanı müdafiə nazirinin köməkçisi vəzifəsini yerinə yetirmiş Elissa Slotkin «The New York Times»a müsahibəsində deyib.

Lakin hərbi əlaqələrin tezliklə gücləndirilməsini istəyənlər də var. B.Obama administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə ekspert kimi çalışmış Seleste Uallander hesab edir ki, Rusiyanın Suriya, Qara dəniz regionu və Baltikyanı ölkələr kimi fəal bölgələrdəki rolunu nəzərə almaq vacibdir. C.Uallander deyir ki, 2016-cı ildə də Ağ ev mümkün insidentlərin və gərginliyin qarşısı almaqdan ötrü yüksəksəviyyəli hərbi əməkdaşlıq kanalının yaradılmasına çalışıb. Ekspert indi belə bir kanalın yaradılmasının işin yalnız xeyrinə olacağını söyləyir.

Amma hərbi liderlər əməkdaşlığa nail ola biləcəklərmi? «The New York Times» qəzeti Rusiyanın baş qərargah rəisi V.Gerasimovun bir qədər mübahisəli şəxs olduğunu qeyd edir. 2013-cü ildə məhz V.Gerasimov məqalələrindən birində kiber-hücumların əsaslarından və «hibrid»müharibənin müxtəlif formalarından bəhs edirdi. «Gerasimov Doktrinası» adlanan yazıda müharibəylə sülh arasındakı sərhədi ayırmağın get-gedə çətinləşəcəyi və proksilərdən, gizli taktikalardan istifadənin güclənəcəyi vurğulanırdı.

General J.Danford isə 2015-ci ildə vəzifəyə təyinatıyla bağlı dinləmələrdə Rusiya haqda narahat ifadələriylə yadda qalmışdı. «Mənim fikrimcə, Rusiya bizim milli təhlükəsizliyimizə ən böyük təhdiddir…Onların davranışları yalnız həyəcan doğurur»,- demişdi. /Virtualaz.org