Fevralin 16-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən olan “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, əsas məqsəd ailədaxili münaqişələrin yaranma səbəblərinin və həlli yollarının araşdırılmasıdır. Tədbirdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət nümayəndələri arasında təbliği, bu prosesdə maarifləndirmə işinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Aqiyə Naxçıvanlı bildirib ki, cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır.
“Dəyirmi masa”da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları, icra hakimiyyəti başçılarının müavinləri, psixologiya elmləri üzrə alimlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.