XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 13:09

“Nazirlər Kabineti heç bir halda ləğv oluna bilməz” –YAP-çı deputat

aydin-mirz%c9%99zad%c9%99

26 sentyabr referendumundan təxminən beş aya yaxın vaxt keçir. Lakin bu müddət ərzində ümumxalq səsverməsi nəticəsində yekdillikdə qəbul edilən düzəlişlər icra baxımından hələ də açıq qalır. Söhbət idarəetmə strukturundakı dəyişikliklərdən gedir. Bu barədə hakimiyyət nədənsə addım atmağa tələsmir.

Belə ki, bu vaxta qədər nə Nazirlər Kabinetinin səlahiyyətləri tam məhdudlaşdırılıb, nə də nisbətən operativ sistem adlandırılan vitse-prezidentlik institutu yaradılıb. Təbii ki, vitse-prezidentlərin təyin edilməməsi də öz yerində.

YAP funksioneri, millət vəkili Aydın Mirzəzadə hafta.az-a açıqlamasında bildirib ki, vitse-prezidentlərin nə zaman təyin olunacağı haqqında dəqiq söz demək iqtidarında deyil:

“Referendumun keçirilməsində məqsəd idarəetməni daha da təkmilləşdirmək, eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarını daha da genişləndirməkdən ibarət idi. Cəmiyyət də ümumən onun lehinə səs verdi. Birinci vitse-prezidentlərin təyinatı və bu qəbildən olan məsələlərin nə zaman reallaşacağı ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Zamanı gələndə bununla bağlı müvafiq qərarlar qəbul ediləcək”.

Son günlər ölkə mediasında Nazirlər Kabinetinin mart ayında ləğv olunacağı ilə bağlı xəbərlər dolaşır. Əslində, 26 sentyabr referendumu öncəsi də adıçəkilən qurumun ləğv ediləcəyi ilə bağlı mətbuatda bir sıra fikirlər dolaşırdı.

Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, Nazirlər Kabineti heç bir halda ləğv oluna bilməz: “Konstitusiyamızda Nazirlər Kabinetinin mövcudluğu ilə bağlı xüsusi bir bölmə var. Onun ləğvi nəzərdə tutulmur. Çünki konstitusiyada nəzərdə tutulan dövlət strukturu ləğv edilə bilməz”.

Millət vəkili həmçinin qeyd edib ki, qarşıdakı müddət ərzində hansısa nazirliklərin birləşdirilməsi haqqında söz deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, bu prezidentin səlahiyyətində olan məsələdir, qərarı da o verir.