XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 15:43

“Putin boş danışan adam deyil…” –Rusiyalı politoloq "aprel" döyüşü"nün təkrarlanacağına inanmır

top-atesleri-

Rusiyalı ekspert Sergei Markedonov hesab edir ki, yaxın zamanlarda Ermənistan–Azərbaycan münaqişəsi zonasında gərginlik qalacaq, ancaq ötən ilin aprel hadisələrinin təkrarlanacağı ehtimalı azdır.

"Yeni gərginləşmələr olacaq, ən çox mümkün ssenari diversiya əməliyyatlarının davamı ola bilər. Bu əməliyyatlarla eyni vaxtda danışıqların davam etdirilməsi də mümkündür.

Məsələn, iki ölkənin xarici işlər nazirlərinin görüşünün baş tutması mümkündür", – deyə Markedonov "Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində bildirib.

Politoloq qeyd edir ki, Qarabağ münaqişəsi postsovet məkanında ən mürəkkəb münaqişələrdən biridir və bu gün onun nizamlanmasını təsəvvür etmək son dərəcə çətindir.

Onun sözlərinə görə, 25 il ərzində Qarabağda artıq Azərbaycan ərazisində yaşamağın nə demək olduğunu bilməyən iki nəsil yetişib.

«Digər tərəfdən, dünyada daha uzun tarixə malik münaqişələr var», – deyə Markedonov əlavə edib.

Onun fikrincə, Qarabağ münaqişəsinin yaxın gələcəkdə həllini gözləməyə dəyməz. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birindən çox fərqlənir.

«1994-cü ildən bəri artıq bütün mümkün həll variantları təklif edilib. Bütün məsələlərin bir paketdə həllini nəzərdə tutan «paket variant» var, ancaq sonradan bəlli oldu ki, bu, mümkün deyil. Münaqişənin mərhələli həlli də çətindir. Çünki sual yaranır: birinci kim başlayacaq?» – deyə Markedonov sözünə davam edib.

Bu gün ABŞ, əsasən, öz daxili problemləri ilə məşğuldur. Fransada isə prezident seçkiləri gözlənilir. Belə bir zamanda bir sıra ekspertlər güman edirlər ki, yaxın aylar ərzində Qarabağ məsələsi ilə ancaq bir ölkə – ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya məşğul ola bilər.

Serzh Sarkisian, Vladimir Putin və İlham Əliyev

Sergei Markedonovun sözlərinə görə, bu münaqişənin tarixində Moskva artıq iki dəfə baş rolu oynayıb.

"1994-cü ildə, atəşkəs haqqında saziş imzalananda və 2008-2011-ci illərdə, ozamankı prezident Dmitry Medvedevin təşəbbüsü ilə üçtərəfli yüksəksəviyyəli görüşlər təşkil olunanda. Ancaq bu təşəbbüs 2011-ci ildə Kazanda uğursuzluğa düçar oldu. O zaman Azərbaycan prezidenti İlham Əliyev əvvəlcədən razılaşdırılmış sənədi imzalamaqdan imtina etdi.

Aprel müharibəsindən sonra barışdırıcılıq rolunu Rusiya prezidenti Vladimir Putin öz üzərinə götürüb. O isə boş danışan adam deyil. Digər tərəfdən, nə Medvedev, nə də Putin ermənilərlə azərbaycanlıların yerinə qərar qəbul edə bilməzlər", – deyə rusiyalı ekspert qeyd edib.

Rusiyanın Azərbaycana silah satmasına gəlincə, Markedonovun fikrincə, bu, ikinci dərəcəli məsələdir:

"Burada birinci dərəcəli məsələ vuruşmaq istəyinin olmasıdır. Silahı isə Azərbaycan, məsələn, İsrail, Türkiyə və Ukraynadan da ala bilər", – deyə politoloq bildirib. O əlavə edib ki, Rusiya Cənubi Qafqazda "balanslaşdırılmış siyasət" yürütməyə çalışır.

"Moskva artıq Gürcüstanda öz nüfuzunu itirib və indi də Azərbaycanda nüfuzunu itirə bilməz", – deyə, S.Markedonov qeyd edib.