XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 11:56

Keçmiş prokurorun İlyas İsmayılov haqqında xatirələri –III hissə

ilyas-ismayilov-3

(Əvvəli: http://strateq.az/siyaset/142125/kecmis-prokurorun-ilyas-ismayilov-haqqinda-xatirələri-2.html;

http://strateq.az/siyaset/138181/kecmis-prokurorun-ilyas-ismayilov-haqqinda-xatirələri.html)

İlyas müəllim qəlbi yumşaq və rəhimli adam idi.

 

Xidməti işimlə əlaqədar prokurorluğa getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diqqətlə baxdıqda tanıdım- Səmayə xanım idi. Səmayə xanım bizdən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini, lakin vakant yer yoxdur deyə imtina edilməsi barədə kadrlar idarəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. “İlyas müəllimə müraciət etmisənmi”- deyə, soruşduqda, “ona müraciət etməmişəm”- dedi.

Mən riski boynuma alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. “Burda gözlə”, dedim-“ İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq”. Mən Səmayə xanımı orada qoyub, tez uzaqlaşdım. 15 gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib.

Qrup yoldaşım Əlizaman Dövlətov institutu əla qiymətlərlə qurtarmışdı. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan edilmiş və 6 ay sınaq müddəti təyin edilmişdi. 6 aydan sonra attestasiyadan keçməmişdi. Prokurorluq orşqanlarından xaric olunmaq təhlükəsi var idi. Məsələ Respublika Prokurorunun  yanında müzakirə olunmalı idi. Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məsləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın. (Əlizaman atasız böyümüşdü. Tələbəlik illərində pensiyaçı anası ona cüzi miqdarda pul göndərirdi. Yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq İlyas müəllimin onu orqanda saxladığını bildirdi.

 

İlyas müəllim qayğıkeş rəhbər idi.

 

1986-cı ilin noyabr ayında İdris müəllim telefonla mənə bildirdi ki, həftənin 6-cı günü prokurorluqda seminar müşavirə keçiriləcək. Sənin də çıxışın nəzərdə tutulub. Seminara 2 gün qalmış xəstələndim. Həftənin 5-ci günü İdris müəllimə zəng edərək bildirdim ki, xəstə olduğum üçün seminarda iştirak edə bilməyəcəm.

Bazar günü idi. Saat 11 :00 radələrində evdə yataqda olarkən şəhərlərarası telefonla mənə bildirdilər ki, sizinlə Respublika Prokuroru danışacaq. Düzü həyacanlandım, fikirləşdim ki, seminar müşavirədə iştirak etmədiyimə görə İlyas müəllim mənə irad tutacaq. Lakin gözlədiyimin əksinə olaraq, İlyas müəllim səhətimlə maraqlandı. Mən təşəkkürümü bildirdim. İlyas müəllim dedi ki, “10 günlük icazə verirəm. Gəl Bakıda müayinə olun. Lazım olsa Səhiyyə Nazirindən xahiş edərəm.” Mən çox mütəəssir oldum və dedim ki, “İlyas müllim söz verirəm ki, bir daha xəstələnməyəcəyəm”.

 

İlyas müəllim işçilərini qoruyurdu

 

Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən bir həmkarımız vardı. Səhf etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayon Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsinin müzakirə etmək üçün Respublika Proekurorluğu qarşısında vəsatət qaldırılmışdı. Hamı düşünürdü ki, həmin şəxsi vəzifəsindən çıxaracaqlar. Lakin İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişdi.

          

İlyas müəllim kinli adam idimi?

Bəziləri deyirlər ki, İlyas müəllim kinli adamdır. Bəli, kinli və qəddar adam idi. Ölüm işi, zorlama, narkobiznes işlərini batıranlara qarşı, mafyozlara və onlara satılan prokurorluq işçilərinə qarşı, öz mənafeyini Dövlət və Xalq mənafeyindən üstün tutanlara qarşı, dönməz, çəkinməz və qətiyyətli adam idi. Amma şəxsi hisslərinin heç vaxt əsiri olmayıb.

İlk tanışlığımızı xatırlatmaq istərdim. 1980-ci ildə Masallıda Prokurorun böyük köməkçisi vəzifəsində işləyirdim. Prokuror məzuniyyətdə olduğu üçün, Prokuroru əvəz edirdim və onun otağında əyləşirdim. Bir gün şəhər telefonu ilə zəng olundu. “Salam, mən kimlə danışıram”, dedim – “sizə kim lazımdır?” Həmin şəxs təkrarən soruşdu:-” prokurorluqdur?”,  dedim-“bəli”.

-“Familiyanız nədir?”

 Mən yenə dedim ki, “sizə kim lazımdır və kimsiniz?”

Bu sual-cavab bir  neçə dəfə təkrar olunduqdan sonra, nəhayət zəng edən şəxs dedi:

– “Danışan Respublika Prokurorunun müavini İlyas İsmayılovdur!”

 Çox pərt oldum. Özümü təqdim etdim. Dedi:

-“Məmmədov görünür vətəndaşlarla da belə rəftar edirsiniz ki, 30 nəfər Masallıdan Mərkəzi Komitənin qarşısında toplaşıb. Sonra zəng etdiyi mövzunu deyib- dəstəyi asdı”.

Həmin vaxt rayon prokurorluğunda müstəntiqin birinin yeri dəyişdirilmiş, digər müstəntiq istintaq qrupuna cəlb olunmuşdu. Prokurorluqda mən və prokuror köməkçisi Zəhra xanım Abdullayeva fəaliyyət göstərirdi. Raykomun büro iclasına gedə bilməmişdim. Birinci Katib məni çağıraraq, büro iclasına gəlməməyimin səbəbini soruşmuşdu. Mən özümü müdafiə etmək məqsədi ilə bildirmişdim ki, “icraatımda çoxlu cinayət işləri var, prokuror vəzifəsini icra edirəm. Bir köməkçi var, o da məzuniyyətə gedir”. Birinci Katib dəstəyi götürüb, Respublika Prokuroru Abbas Zamanova zəng etdi. Vəziyyəti bildirdikdən sonra dedi ki, “mən əvvəllər də sizə demişdim ki, Zəhra Abdullayevanın bu rayonda işləməsi düzgün deyil. Zorla məzuniyyətə getmək istəyir”. (Sonradan öyrəndim ki, Birinci Katibin Z.Abdullayevanın yerinə öz namizədi var imiş). Mən çox pərt olmuşdum, iş otağıma təzəcə qayıtmışdım ki, İlyas müəllim zəng etdi və Zəhra Abdullayevanı telefona çağırtdırdı. (Zəhra Abdullayeva İlyas müəllimin yerlisi idi. Uzun müddət Tovuz rayon Prokurorluğunda dəftərxana müdiri işləmişdi)

İlyas müəllim Zəhra xanımı telefonla məzəmmət edirdi. Zəhra xanım isə “məzuniyyət əmrim gəlsə də mən getmək barədə təkid etməmişəm”- deyirdi. Mən vicdan əzabı çəkirdim. Bir bəhanə ilə Respublika Prokurorluğuna getdim. İlyas müəllimlə görüşdüm. Məni soyuq və rəsmi qarşıladı. Mən katiblə olan söhbətimi olduğu kimi İlyas müəllimə çatdırdım və söhbətin axırında bildirdim ki, “iş yoldaşımı satmaram və əgər bir qəbahəti varsa, Birinci Katibə yox, Prokurorluğun rəhbərliyinə deyərdim”. İlyas müəllim gülümsədi. Ayağa durub əl uzatdı. “Olur belə işlər”- dedi.

Sonradan o, Respublika Prokuroru təyin olunandan bir ay sonra ilk əmri ilə məni və Sərdar Əliyevi rayon Prokuroru vəzifəsinə təyin etdi.

İlyas müəllim təkcə Respublika Prokuroru deyil, həm də geniş miqyasda dövlət xadimi idi. Bir misal gəitrəcəm. Prokurorluğun binasını təmir etmək üçün vəsait ayrılması barədə ona müraciət etdim. Mənə dedi ki, “Cəlilabad Prokurorluğunun binası pis deyil. Sizin rayon da onsuzda çoxlü tikinti işləri aparılır. Mən Prokurorluğa ayrılan vəsaiti tikintisi az olan rayonlara yönəldirəm».

Yardımlı rayon Prokurorluğunun binası yox idi.  Doğrudan da həmin vaxt Yardımlıda gözəl prokurorluq binası inşa edildi.

Oxucuya belə görünə bilər ki, mən İlyas müəllimə yaxın adam olmuşam. Xeyr!!!  İlyas müəllim Respublika Prokurorluğu vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorluğunda İdarə Rəisi işləyirdi. 1990-cı ilin Noyabr ayında Moskvada yaşayan dostum Yaşarla onun görüşünə getdim. Bir neçə gündən sonra onun xidməti bağında məclis quruldu. Söz demək növbəsi mənə çatanda dedim:

-“Mənə ilk dəfədir ki, İlyas müəllimlə bir stolda oturmaq nəsib olub”.

Məclisdə iştirak edən İlyas müəllimin dostu sözümü kəsərək, dedi:

-“Ay İlyas, sən oğlan haqqında o qədər danışmısan ki, fikirləşirdim ki, yaxın dostsunuz. Bu isə deyir ki, Mən İlyas müəllimlə ilk dəfədir çörək kəsirəm”.

Cavabında İlyas müəllim dedi:

-“Mən Respublika Prokuroru olmuşam. Əlamdar mənim etimadımı doğruldan yaxşı prokurorlardan biri olub”.

Yeri gəlmişkən, İlyas müəllimin oğlanlarının adı da Etimad və Mətindir.

 

Ələmdar  Məmmədov

Keçmiş prokuror