XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2017 - 10:11

Ekspert:"Azərbaycan yerləşdiyi regionda təhlükəsizliyin qarantıdır"

Rəşad Süleymanov

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə görüşünün Bakıda keçirilməsi Azərbaycanın balanslı xarici siyasət yürütməsinin və neytral dövlət olmasının göstəricisidir.

Bu fikri hərbi ekspert, “Azeri Defence” jurnalının bas redaktoru Rəşad Süleymanov bildirib.

Ekspert deyib ki, son illər Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasət dünyanın böyük gücləri tərəfindən hörmətlə qarşılanır. İki fövqəldövlətin silahlı qüvvələrinin rəsmi şəxslərinin də görüş üçün Bakını seçmələri bunun təsdiqidir. Azərbaycan postsovet respublikaları arasında yeganə dövlətdir ki, həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub və bu münasibətləri daim inkişaf etdirir. Azərbaycan Silahlı Qüvvələri NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edərək, beynəlxalq təhlükəsizliyə öz töhfəsini verir. Azərbaycan Əfqanıstana Avropadan yüklərin daşınmasında, eləcə də Əfqanıstandan NATO qüvvələrinin çıxarılmasında tranzit ölkə olaraq mühüm rola malikdir. Ölkəmizin və Silahlı Qüvvələrimizin bu beynəlxalq əməliyyatlarda rolu elə ABŞ hərbçiləri və dövlət rəsmiləri tərəfindən dəfələrlə açıq mesajlarla yüksək qiymətləndirilib. Azərbaycan hərbçiləri bu gün də Əfqanıstanda sülhə öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan Rusiya ilə hərbi sahədə sıx əməkdaşlıq edir.

Rəşad Süleymanov bildirib ki, bu gün Azərbaycan yerləşdiyi regionda təhlükəsizliyin qarantıdır. Bunu xarici ekspertlər də vurğulayırlar. Xüsusilə də Rusiya ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qaldırılmasında Azərbaycan fəal rol oynadı. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, bu görüşün Bakıda keçirilməsi heç də təsadüfi deyil. /Azərtac