XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2017 - 13:16

Ziyafət Əsgərov:"Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verir"

Xocalı soyqırımından 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç vaxt da unudula bilməz. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Azərtac xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 25 illiyinə həsr edilən plenar iclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, Xocalıda dinc əhali vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı soyqırımı cinayətləri törədilib. Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib.

“Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla insan girov götürülüb, kənd isə yandırılaraq yer üzündən silinib. Şuşadan sonra Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Ermənistandakı ata-baba yurdlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşıb. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb. Dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”, – deyə Z.Əsgərov qeyd edib.

Milli Məclisin sədrinin birinci müavini bildirib ki, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir.