“Avropa Birliyi – Azərbaycan siyasi dialoqu əsaslı surətdə zəifləyib”
Avropa Şurasının 2014-cü ildə Avropanın Qonşuluq siyasətinin Azərbaycanda gerçəkləşməsi üzrə hesabatında vətəndaş cəmiyyətinin fəaliyyəti üçün durumun pisləşməsi, QHT-lərə, fəallara və mediaya təzyiqin güclənməsi qeyd olunub.
Straterq.az xarici KİV-ə isnadən bildirir ki, AB-nin saytında dərc edilmiş hesabatda viza prosedurlarının və ölkəyə təkrar girişin sadələşdirilməsinin ikitərəfli münasibətlərin sonrakı dərinləşməsinə səbəb olduğu qeyd olunur. Həmçinin ölkədəki iqtisadi duruma müsbət qiymət verilirərək göstərilir ki, makroiqtisadi durum qeyri-neft sektorunun artımı və sosial sabitliyin yüksəlməsi hesabına stabil olaraq qalır.
Sənəddə deyilir: “Cənub qaz dəhlizinin gerçəkləşməsi üzrə öhdəliklər əvvəlki kimi AB-Azərbaycan dialoqu üçün birinci dərəcəli önəm kəsb edir”.
Dağlıq Qarabağ probleminə gəlincə, göstərilir ki, atəşkəs razılaşmasından 20 il sonra münaqişənin nizamlanması yönündə çıxılmaz durum qalmaqdadır.
Sənəddə həmçinin qeyd olunur:”…AB-Azərbaycan siyasi dialoqu əsaslı surətdə zəifləyib…Söz azadlığının durumu da pis olaraq qalır. Müxalif qəzetlərə güclü təzyiq müşahidə olunur.
“Asan xidmət” şəbəkəsinin genişlənməsinə baxmayarq, korrupsiya ilə mübarizədə ciddi yaxşılaşmalar əldə olunmayıb və ölkə “Transparency İnternational”-ın reytinqində 175 dövlət arasında 125-ci yerdədir.
2014-cü ildə məhkəmələrin müstəqilliyinin təıminatında hiss olunası uğur müşahidə olunmayıb. AB təmsilçiləri QHT nümayəndələrinin məhkəməsində iştirak edib və ciddi qanun pozuntularının şahidi olublar.
Hökumət tənqidçilərinin müdafiəsi prosesi çətinləşib. Vəkillər Kollegiyası müxalifləri müdafiə edən hüquqşünaslara təzyiq göstərir…”.
Sənəddə qeyd olunur ki, hökumət Avropa Məhkəməsinin qərarlarına sayğısızlıq göstərir və onları yerinə yetirmir.
Hesabatda yuxarıda qeyd olunan qüsurları aradan qaldırmaq üçün ölkədə qanunun aliliyini təmin etmək yönündə tövsiyələr verilib.