XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 12:00

Səfir Sanjay Rana:“Hindistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

hind sefiri

 

Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Hindistanın ölkəmizdəki səfirliyi və Hindistan – Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilən tədbirdə səfir Sanjay Rana çıxış edərək ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu və dərhal diplomatik əlaqələr yaratdığını xatırladıb.

Diplomat bildirib ki, keçən 25 il ərzində ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq, səmimi dostluq əlaqələri sürətlə inkişaf edib, ölkələrimiz siyasi müstəvidə bir-birini tam dəstəkləyir:“Bu həm ikitərəfli, həm regional, həm də beynəlxalq arenada, xüsusilə də BMT kürsüsündə özünü göstərir. Keçən həftə Azərbaycanda tarixin çox qara səhifələrindən olan Xocalı faciəsinin 25-ci ildönümü qeyd olundu. Bu, bir daha xatırladır ki, şiddət və ya müharibə həll yolu ola bilməz. Hindistan Dağlıq Qarabağdakı vəziyyətin mürəkkəbliyindən xəbərdardır. Regionda vəziyyətin gərginləşməsi xəbərləri narahatçılıq doğurur. Hindistan hər zaman ərazi bütövlüyü prinsipini və münaqişələrin sülh danışıqları ilə nizamlanmasını dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun vasitəçilik etdiyi danışıqlar prosesini dəstəkləyirik. Hindistan münaqişənin sülh yolu ilə həll olunacağına və regionda sülhün üstünlük təşkil edəcəyinə ümid edir”.

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrə toxunan S.Rana dedi ki, bu gün Hindistan enerji sektorunda Azərbaycanla tərəfdaşdır və o, 25 ildə görülən işləri yüksək qiymətləndirir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daim hər iki xalqın mənafeyinə xidmət edəcəyini vurğulayıb. Nazir müavini bildirib ki,Azərbaycan və Hindistan hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə 11 aprel 2007-ci ildə Bakıda imzalanmış saziş əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edib və bunun davamı olaraq komissiyanın artıq 4 iclası keçirilib. Onun sözlərinə görə, Azərbaycan dost ölkə ilə tikinti və infrastruktur, informasiya texnologiyaları və telekommunikasiyalar, avtomobil sənayesi, dərman və əczaçılıq, kimyəvi maddələr, energetika, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, mehmanxana və turizm sektorları sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir.

Sonda isə Azərbaycan rəqs qruplarının ifasında iki ölkənin milli rəqsləri təqdim olunub.

L.SƏMLA

Strateq.az