XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 14:00

Azərbaycan tarixçilərinin mart soyqırımı haqqındaDEDİKLƏRİ

mart soyqirmi

 

Musa Qasımlı: … Azərbaycanlılara qarşı törədilmiş soyqırımın zirvə nöqtəsi 1918-ci il mart ayında Bakıda oldu. Daha sonra digər bölgələrdə davam etdirildi. Bir neçə gün ərzində təkcə dinc əhali bolşevik, erməni-daşnak qüvvələri tərəfindən yalnız türk-müsəlman olduqları üçün amansızlıqla qətlə yetirildi. Bizim arxiv sənədlərində soyqırıma məruz qalan əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu göstərilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, dövrün ingilis arxiv sənədlərində birbaşa yazılır ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürüldü. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir…

Solmaz Rüstəmova-Tohidi: …1918-ci il martın 29-da əlli nəfərə yaxın Azərbaycan hərbi qulluqçusunu tərksilah etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab tədbiri görməyə təhrik etdilər. Yaranmış qarşıdurmadan bəhanə kimi yararlanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi, 70 %-i erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu və “Daşnaksütyun”un 3-4 minlik milli hissələri Bakıda dinc azərbaycanlı əhalini qırmağa başladı. Təkcə bir həftə ərzində 12 mindən artıq insan, silahsız türk-müsəlman əhali qətlə yetirildi. Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yandırıldı. Daha sonra növbə Quba, Kürdəmir və Lənkərana çatdı.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə, yalnız Bakıda 11 min nəfər qətlə yetirilib. Mənim 1918-ci il qırğınları ilə bağlı kitablarımda həmin rəqəmlər var. Həmçinin, vurulmuş maddi zərəri də göstərmişəm. Bizim bəzi tədqiqatlarda düzgün olmayan rəqəmlər var. Məsələn, Qubada 167 kənd dağıdıldığı halda, çox yerdə 122 rəqəmi gedir. Yaxud Şamaxıda 7 min nəfərin öldürüldüyü bildirilir. Halbuki yalnız Şamaxı şəhərində 8-10 min nəfər, 110 kəndində isə 10.341 nəfər qətlə yetirilib. Gördüyünüz kimi, Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib. Beləliklə, deyə bilərik ki, hadisələr zamanı 50 min nəfərə yaxın azərbaycanlı öldürülüb…

Nazim Mustafa: …1905-1906-cı illər erməni-müsəlman qırğınına dair bütün məsələlər Voronsov-Daşkovun yataq otağında həll olunurdu. Hətta canişinin mühafizə xidmətinin rəhbəri olan bir polkovnik sonralar yazırdı ki, Voronsov-Daşkovun dəftərxanasının müdiri Peterson arxa qapıdan ermənilərə silah paylayırmış. Beləliklə, Qafqaz canişinin mövqeyi Çar Rusiyasının ayağına yazılır. O vaxt o, 84 yaşlı ahıl bir insan idi. Və cavan xanımı onun üstündə böyük təsirə malik idi və ermənilərə qarşı tədbir görülməsinə imkan vermirdi. Həm də rus-yapon müharibəsində uduzan, büyük şəhərlərdə inqilabi şəraitin qarşısını almağa çalışan çar hökumətinin ucqarlara əli çatmırdı. Bu cəzasıqlıq şəraitindən istifadə edən ermənilər isə qırğınlar törədirdilər.

Qeyd olunan tarixçilərin 1905.az portalına müsahibələri əsasında hazırlanıb (Musa Qasımlı: “1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb”, Solmaz Rüstəmova Tohidi: “Azərbaycan Demokratik Respublikasının sovet işğalı ilə əlaqədar 1918-ci il qırğınları ilə bağlı siyasi qərar verməyə vaxtı çatmayıb”, Nazim Mustafa: “Həm 1918-ci il soyqırımı zamanı, həm də birinci Qarabağ müharibəsində ermənilər eyni istiqamətlərdən hücum edirdilər”)