XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2017 - 10:13

Heydər Əliyevin sabiq köməkçisi “Ermənistan-Azərbaycan Sülh Platforması”nı dəstəklədiyinibəyan edib

eldar-namazov

Azərbaycan prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazov “Ermənistan-Azərbaycan Sülh Platforması”nı dəstəklədiyini açıqlayıb.

Strateq.az bildirir ki, E. Namazov bu barədə musavat.com-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu yaxınlarda təmsil olunduğu Qarabağ Şurasının növbəti iclasında ölkənin tanınmış ekspertlərinin iştirakı ilə müzakirə olunub: “Ümumi rəy o oldu ki, bu sənədə dəstək vermək və beynəlxalq qurumlarla danışıqlarda bu sənəddən istifadə etmək lazımdır. Qarabağ Şurası da bununla bağlı qərar qəbul etdi”.

Politoloqun sözlərinə görə, təəssüf ki, Azərbaycanda bir çoxları Sülh Platforması ilə geniş tanış deyil. Müxtəlif bəyanatları eşidirlər ki, o platformaya filankəs qoşuldu, çünki sülhün, diplomatik yolla həllin tərəfdarıdır: “Cəbhə bölgəsində olan insanlarda etiraz edir ki, döyüşlər gedir, biz şəhid veririk, hansı sülhdən söhbət gedə bilər. Ancaq bir çoxları bilmir ki, o sənəddə nələr əksini tapıb. O sənəddə konkret qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət statusu alır, qaçqınlar doğma yurd-yuvalarına qayıdır. Yəni bu sənəddə Azərbaycanın istədiyi bütün məqsədlər, bizə lazım olan bəndlər mövcuddur”.

E. Namazovun sözlərinə görə, daha vacib olan odur ki, Ermənistan tərəfdən insanlar bəyanat verib bu sənədə qoşulurlar: "Bu, onu göstərir ki, erməni cəmiyyətində məhz aprel döyüşündən sonra ikinci müharibədən canlarını qurtarmaq, sülh yolu ilə Azərbaycan və Türkiyə ilə barışmaq yolu tutan adamlar çoxalıb. Bir tərəfdən Ermənistan hakimiyyəti öz məkrli niyyətlərini həyata keçirir, faktiki olaraq bizi müharibəyə sövq edir. Ancaq eyni zamanda Ermənistan cəmiyyəti də həm güclərin balansını daha dəqiq başa düşür, eyni zamanda erməni cəmiyyətində vaxtilə buraxılan səhvləri etiraf edib Azərbaycanla, Türkiyə ilə barışığa getmək meylləri güclənib”.

Politoloq qeyd edib ki, aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətində çox ciddi parçalanma meydana gəlib: "Hiss olunur ki, Ermənistan hakimiyyəti özü artıq siyasi qərar verib ki, danışıqlar yolu ilə heç bir güzəştə getməyəcəklər və onlar torpaqları sülh yolu ilə azad etməyə hazır deyillər. Bu, onun göstəricisidir ki, onlar əslinə qalsa, qorxu içindədirlər. Onlar pis və ondan da pis variant arasında seçim etməli olurlar. Onlar üçün müharibə yolu ilə torpaqları qaytarmaq daha məqbul sayılır, nəinki sülh, danışıqlar yolu ilə. Ona görə ki, biz torpaqları müharibə ilə qaytarsaq, onlar həmişə müxtəlif bəhanələr tapacaqlar ki, “neftimiz, qazımız yoxdur, Rusiya köməklik eləmədi”. Ancaq sülh, danışıqlar yolu ilə torpaqların azad olunmasının altına imza atmaqdan onlar daha çox qorxurlar. Qorxurlar ki, radikal, millətçi qruplar tərəfindən hətta terrora da məruz qala bilərlər və onların üzərinə milli xəyanətkar damğası da vurula bilər. Ona görə də mənə elə gəlir ki, Ermənistanın siyasi rəhbərliyi artıq siyasi qərarını verdi ki, torpaqları qaytarmalı olacaqlarsa, qoy Azərbaycan bunu müharibə yolu ilə alsın, nəinki biz onun altından imza ataq”.

Politoloqun fikrincə, Ermənistan cəmiyyətində başqa istiqamətdə bir canlanma yaranıb: “Bir tərəfdən Levon Ter-Petrosyan bəyan etdi ki, “mərhələli plan”la sülh sazişi imzalanmalıdır və bu şüarla da biz seçkilərə gedirik. Artıq belə bir siyasi blok formalaşıb, “mərhələli plan”a dəstəklə parlament seçkilərinə gedir. Siz də bilirsiniz ki, biz rəsmi olaraq “mərhələli plan”ı dəstəkləyirik. Vaxtilə Heydər Əliyevin dövründə də, Ter-Petrosyan hakimiyyətdə olanda da onlar hər ikisi mərhələli plana razılıq vermişdilər. Başqa bir istiqamətdə ümumiyyətlə “sıfır” variantına, 80-ci illərin əvvəllərinə qayıtmaq ideyasıdır ki, bu, ermənilər tərəfindən bir yanlış addım olub, torpaqlar qaytarılsın və erməni icması da Azərbaycanın tərkibində muxtariyyət statusu alsın. Bax, erməni cəmiyyətində belə bir parçalanma mövcuddur və biz bunu görürük. Ona görə də cəbhə bölgəsində müxtəlif təxribatlar törədirlər, bunlar Ermənistan hakimiyyəti tərəfindən təşkil olunur. Ancaq Ermənistanın içərisində başqa istiqamətdə də müəyyən parçalanmalar mövcuddur. O cümlədən siz dediyiniz kimi, Ermənistan cəmiyyətində Sülh Platformasına qoşulanlar da gün-gündən artır”.