XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2017 - 13:17

Məhəmməd Talıblı yazır:"Yetim ölkənin sahibləri..."

mehemmed-talibli

Məhəmməd TALIBLI, İqtisadçı

Nadir hallarda milli televziyamıza baxıram. İstisnalardan sayılacaq bu gün verilişlərin birində deputatlar Yevda Abramovun "uğur” hekayəsini dinlədim. Hər deputat üçün verilən avansı onlar özlərinə məxsus formada geri qaytarır. 

Sayının itirdiyimiz artıq bir neçə dönəmdir deputat "seçilən” yəhudi əsilli Yevda Abramovun fikirləri məni heyrətləndirdi.

Milli və etnik kimliyə heç zaman önəm verməməyimə baxmayaraq, onun yəhudi icmaları ilə bağlı bütün fəaliyyətdə patronajlığını dəfələrlə ifadə etdiyi üçün onu vurğulamalı oldum. Televiziyada böyük coşqu və uca səslə danışan müsahibin cavabları televiziya düyməsini əlimdə saxlatdırdı. Tağı Əhmədov üslübunda danışırdı. Rəhmətliyin oğlu ölkədə hər şeyin əla olduğunu deyir. Şirin nağıllarla tamaşaçını yuxuya verməyə çalışırdı. Şəxsinin vətənpərvərlik hissinin üstünlüyündən başlamış şəxsi həyatına – ailəsinə qədər müxtəlif suallara verdiyi cavabları sonda saxta olduğunu ortaya çıxardı. 

Demək, deputatın dörd övladı var. Dördü də xaricdə yaşayır. Heç biri cənnətə çevrilən Azərbaycanda bir işin qulpundan yapışmayıb və ya yapışmır. Atasının bu qədər imtiyazı sayəsində ölkə onlara dar gəlib. Amma özü də ölkədə vəziyyətin əla olması haqqında olmazın yalanını danışırdı. 

Bu müsahibəni dinlərkən düşündüm: Əcəba, hökumətdə təmsil olunanların böyük əksəriyyəti bu ailə modelinə malik deyillərmi? Onların çoxu bu ölkədə sonadək yaşayacaq plana malikdirlərmi? Onlara məxsus maliyyə resursları sərhədyanı bölgələrə hansı sərmayə proqramı formasında yönəlibmi? 

Demək, ölkəmizin sabahı ilə bağlı planlarda yer almaq niyyətləri də yoxdur. Təkcə onları xaricə bağlayan yalnız iqtisadi faktordurmu? Əlbəttə, xeyr! 

O bağlar müxtəlif formalarda özünü göstərir:

 – Oliqarxlara məxsus mühacir kapitalın xaricə axını dayanmır;

– Onlar ölkədən kənarda, xüsusuilə Avropada bahalı mülklər alırlar;

 – Nəvələri və övladları ölkədə yox, xaricdə ali təhsil alırlar;

– Bir çoxunun kürəkənləri və gəlinləri xarici ölkə vətəndaşlarıdır;

– İstifadə etdikləri məişət texnikalarından tutmuş ən bahalı avtomobillərinə qədər hamısı xarici ölkə istehsalıdır;

– Ailə daxilində istifadə etdikləri danışıq dili doğma dilimizdə yox, xarici dillərdir (Onların nitqində bunu çox asanlıqla görmək olur);

– Yığım etdikləri pul vahidi milli yox, xarici valyutadır;

– Hərəsinin bir cür xarici dillə assosiasiya olunan ayamaları var: "Сanik", "Mako", "Ştirlis", "Ziko"…

– Gündəlik istehlak etdikləri iqtisadi nemətləri xarici mənşəlidir;

– İctimai şüur kateqoriyasına görə, milli yox, kosmopolitdirlər;

İnsan həyatını əhatə edən daha nə qaldı ki, orada millidirlər? Bir ölkə olaraq cazibədarlığımızın itirilməsi təkcə zəngin insanların gözündəmi belədir, yoxsa digər vətəndaşlarımız da oxşar düşüncəyə və davranışa sahibdir? 

Müşahidə etdiyim qədər hətta yoxsul insanlar da özlərinin gələcək həyatlarını ölkəmizlə bağlayacaq qədər israrlı deyillər.

Kiminlə görüşüb sabahla bağlı söhbət edirsən, düşüncələrini açıq formadaca ortaya qoyaraq, "ölkədən getmək istəyirəm" deyir. Gerçəkdən narahatedici düşüncədir. İnsanlarımız ölkənin gələcəyinə inanmayacaq qədər laqeydləşiblər. Bəziləri düşüncəsinə muradını xaricdə tapmaq kimi asan qələbə modeli yerləşdirib. Biri çətin qələbə yolunu seçib, düşüncəsindəki Azərbaycan modelini israrla ölkəyə daşıyacaq nikbinliyini söyləmir. Deməli, bütün bunların əksini görməyimiz üçün Azərbaycanı cazibədar edəcək məmləkətə çevirmək kimi missiyamız olmalıdır!

Məsələnin paradoksal vəziyyəti təkcə bunda deyil. Bir sosial qrupun düşüncəsi başqa, əksəriyyətin davranışı tamam başqadırsa, o zaman dominantlıq təşkil edənin baxışları aparıcıdır. Amma bizdə digər sosial qrupların düşüncəsində də oxşar baxışlar mövcuddur. Hətta sıravi vətəndaş xaricə mühacir kimi getmək istəyir. Təhsilini başa vuran xaricdə işləməyi və təhsil almaq istəyən də xarici seçir.

Bunu edənlərə cəmiyyətdə ictimai qınaq yoxdur. Aradan çıxmaq respetləri də əllərində: "Bəs nə etsinlər? Burada qalıb, nə edəcəklər?”.

Heç bir şey, öz evində kirayənişin kimi yaşasınlar! Bu cənnət məmləkətdə özünü onun sahibi kimi yox, sanki başqa sahibkardan icarəyə götürmüş podratçı kimi aparsın. Başqa alternativ qaldımı? 

Bu münasibətlər sistemi məni 75 il öncə İkinci Dünya savaşında almanların və sovetlərin düşüncə tərzini yadıma saldı. Böyük Vətən Müharibəsi illərində Rusiyada qatarların cədvəldən xeyli geri qalmasının səbəbini soruşanda cavab belə olurmuş: "Müharibədir, nə edək?"

Həmin dövrdə Almaniyada qatarların dinc vaxtlardan daha dəqiq işlədiyinin səbəbini soruşanda da, cavab təxminən eyni olurmuş: "Müharibədir, bəs necə olmalıdır?"

Eyni şərtlər daxilində məsələyə münasibət bir ölkə üçün səbəb, digəri üçün bəhanə idi. 

İndi vətəndaşlarımızın bir hissəsi deyir və deyəcək ki, "Yaşamaq olmur, ona görə ölkəni kütləvi tərk edirik”.

Burada qalanlar isə deyəcək: "Qarabağı və ölkəni bu vəziyyətdə yetim qoyub niyə fərarilik etməliyik ki? Qalıb burada ya öləcəyik, yaxud keyfiyyətli yaşayacaq ölkə quracağıq".

…Əslində isə təslimçi düşüncənin əsrinə çevrilənlər,  taleyinə sahib çıxmayanlar ölkəni solğunlaşdırır, cazibədarlığını itirir. Nəticədə səni sabaha aparacaq heç bir kompasa malik olmursan. Vətəndaşına dəyər kimi baxa bilmirsən. "Vətəndaş" sözünü hecalara bölməyə məcbur olursan: Vətən və Daş.  Bununla da Vətəninə sadəcə bir ömür sürmək üçün müvəqqəti dayanacaq kimi baxırsan. Daşı isə bu vətənini bu günə qoyanların başına düşməsini arzu edirsən…