XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2017 - 20:26

ADP toplandı, gündəmdəki məsələlər müzakirə olundu –Açıqlama

adp

Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə dair müzakirələr aparılıb.

İlk növbədə Niderland Krallığında Türkiyə Respublikasının dövlət rəsmilərinə, habelə ikili vətəndaşlığı olan türklərə qarşı aşkar hörmətsizlik edilməsi, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasından və meydana çıxan diplomatik qalmaqaldan narahatlıq ifadə edilib. Qeyd edilib ki, bu hadisə son vaxtlar Türkiyənin Rusiya ilə yaxınlaşması və Suriyada Avropa ilə razılaşdırılmamış bir siyasət yürütməsi ilə bilavasitə əlaqədardır:

"Avropa ölkələri bilməlidirlər ki, Türkiyənin Avropa Birliyinə nə qədər ehtiyacı varsa, qarşı tərəfin də Türkiyəyə bir o qədər ehtiyacı vardır və bu cür kobud təzyiqlərlə bu ölkəni milli maraqlarından çəkindirməyə çalışmaq yolverilməzdir. Eyni zamanda Avropa dövlətləri nəzərə almalıdır ki, bu cür hadisələr təkcə Türkiyə Avropa əlaqələrinə deyil, digər türkdilli dövlətlərin Avropaya inteqrasiyasına da ciddi zərbə vurur. Bununla yanaşı, Avropa ölkəsində dinc aksiyanın zorakılıqla dağıdılması Azərbaycan kimi insan hüquqlarını tez-tez pozan ölkələr üçün dinc aksiyalara məhdudiyyətlərə haqq qazandırılmasına səbəb olduğuna görə də ciddi tənqid edilməlidir".

İclasda həmçinin Türkiyə ilə Niderland arasında yaranmış gərginliyin tezliklə yoluna qoyulacağına inam ifadə edilib.  

Keçmiş SSRİ ölkələrinin vətəndaşlarına Rusiya pasportlarının verilməsi ideyasının yenidən aktuallaşdırılması cəhdlərindən ciddi şəkildə narahat olduğunu bildirən iclas iştirakçıları Rusiya vətəndaşlığı alanların dərhal, qanunvericliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlığından azad edilməsinin vacibliyini qeyd ediblər.

Bakı-Sumqayıt yolunda baş vermiş avtoqəzada faciəli şəkildə həlak olmuş vətəndaşlarımızın yaxınlarına başsağlığı verən İdarə Heyəti üzvləri bu cür hadisələrin gələcəkdə təkrar olmaması üçün lazım olan bütün tədbirlərin, o cümlədən tələbələrin daşınması üçün xüsusi nəqliyyatın ayrılmasının vacibliyini bildiriblər.

İdarə Heyəti Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) beynəlxalq koalisiyasında Azərbaycanın üzvlüyünü dayandırmasını yolverilməz hesab edərək bu addımı pisləyib. Qeyd edilib ki, neft-qaz çıxarma və filiz yataqlarının işlədiyi bir ölkə olaraq Azərbaycanın şəffaflığı artırmağa, bu sahədəki korrupsiya və mənimsəmələrin aradan qaldırılması üçün beynəlxalq şəffaflıq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. İH hesab edir ki, Azərbaycanın bu təşkilatdan çıxması ilə bağlı müraciəti qəbul edilməməli, əksinə ictimai nəzarətin daha da gücləndirilməsi istiqamətində addımlar dəstəklənməlidir.

İclasda həmçinin Kanadada Azərbaycan Dəmir yolları ilə əlaqəli bir layihədə böyük məbləğdə korrupsiya faktının aşkarlandığına diqqət yönəldilərək, Azərbaycan Respublikası Prokurorluğunun müvafiq olaraq cinayət işini başlatmasının və istintaq aparılmasının, xalqa bu haqda ətraflı məlumat verilməsinin vacibliyi qeyd edilib.