Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına Rusiyaya görə qoşulub.
Bunu Ermənistanın “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
“Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə etdiyi açıqlamaya görə, KTMT Mərkəzi Asiyadan gələn təhlükələrin ortadan qaldırılması üçün yaradılıb. Yəni Ermənistan KTMT-nin məşğul olması gərəkdiyi məsələlər dairəsinə daxil deyil. Üstəlik, hər bir ölkə öz sərhədlərinin pozulduğunu gördükdə KTMT-yə müraciət edə bilər. Belə olan halda əgər Qazaxıstan və Belarus olmasa belə Rusiya KTMT-nin avtoriteti və Ermənistanla strateji münasibətlərin xətrinə Ermənistan sərhədlərinin pozulmasına reaksiya verməli olacaq. Bunu bu şəkildə izah edə bilərik. Məsələn, Astana üçün Qarabağ konflikti vacib məsələdir. Nazarbayev çalışır ki, Azərbaycanla yaxşı münasibətlərini qoruyub saxlasın. Belə ki, Qazaxıstan-Azərbaycan münasibətləri biznes maraqlarına əsaslanır. Məhz bu səbəb ucbatından Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi olması məsələsi təxirə salınır. Astananın bu məsələnin qarşısını ala biləcəyi istisna deyil. Moskva həmçinin Ermənistanı razı salmaq üçün Astanaya təzyiqlər edə bilər. Lakin indiki zamanda Nazarbayevə Suriya prosesində verilən rolu nəzərə alsaq, Astananın Moskva üçün daha vacib olduğunu görərik. Putin Ermənistan üçün Nazarbayevin xətrinə dəyməyəcək, amma çalışacaq ki, İrəvanı da özündən uzaq salmasın. Bu gün Rusiya rəsmilərinin KTMT-də iş üçün demək olar ki, vaxtları yoxdur. Ona görə də KTMT-nin növbəti sammitlərinin birində katibliklə bağlı məsələ ləğv edilə bilər. Rusiya ermənilərin narazılığını başqa formada kompensasiya etməyə çalışacaq”, – deyə o bildirib.
Xatırladaq ki, rotasiya qaydasında KTMT sədrliyi İrəvana keçməlidir. Ancaq Rusiya təmsilçisi Bordyujanın səlahiyyət müddəti bitdikdən sonra İrəvan nümayəndəsinin namizədliyinin təsdiqi bir neçə aydır ki, baş tutmur. /Axar.az