Qüdsi Osmanov erməni təxribatına kəskin cavab verdi
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun bu gün erməni KİV-lərində güya idmançımız Bəxtiyar Abbasova görə guya onun ermənilərdən üzr istəməyi xəbərini rədd edib.
Strateq.az xəbər verir ki, bu barədə diplomatın özü məlumat verib. Qüdsi Osmanov deyib ki, son günlər Azərbaycan mətbuatında sambo üzrə idmançımız Bəxtiyar Abbasovun erməni himninə göstərdiyi münasibət geniş müzakirə olunur:
“Sözügedən tədbirdə digər yüksək qonaqlar, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə prezidiumda əyləşmişdim. Digər çəki kateqoriyaları üzrə yarışlarda birinci yer tutan idmançının təmsil etdiyi dövlətin himni səsləndirildiyi zaman prezidiumda əyləşən qonaqlar və bütün digər iştirakçılar ayağa qalxırdı. Təbii ki, bizim idmançımızın məğlubiyyəti məni məyus etdi. Hətta yanımda əyləşən keçmiş sambist, tanınmış siyasi-ictimai xadim Aslanbek Aslaxanov Bəxtiyar Abbasovun layiqli döyüşçü olduğunu vurğulayaraq, təəssüf etdi ki, o, uduzdu. Nəticədə bizim idmançımız 3-cü yer, erməni idmançı isə 1-ci yer tutdu. İdmançılar mükafatlandırılmaq üçün meydana dəvət olunarkən, mən, prezidiumu tərk etdim.
Tədbirdən sonra ziyafətdə, bir çox nüfuzlu qonaqlar mənə yaxınlaşıb Bəxtiyar Abbasovun erməni himni səslənən zaman oturduğunu danışdılar və mənim oranı tərk edərək, getməyimi isə gedib Bəxtiyara məsləhət verməyim kimi giymətləndirdilər. Cavab olaraq onlara söylədim ki, idmançını görmədim və mənim oranı tərk etməyim, onun hərəkəti aramızda razılaşdırılmamışdır. Həmçinin söylədim ki, “O ki qaldı Ermənistan dövlətinə, bu dövlət və onun rəhbərliyi Azərbaycan xalqına qarşı böyük cinayətlər törədib, işğalşı dövlət olaraq 20% torpaqlarımızı işğal edib, 1 million qaçqınlarımız doğma yerlərindən didərgin düşüb. 100 il ərzində Qərbi Azərbaycandan doğma yurdlarından planlı şəkildə azərbaycanlılar qovulub və Azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaradılıb”.
Həmçinin onlara Xocalı soyqırımını xatırlatdım. BMT-nin Təhlükəsizlik Şurasının hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini, Rusiyanın münaqişənin həlli yolunda apardığı cəhdləri erməni tərəfinin puça çıxartdığını qarşı tərəfə söylədim. Sonda qeyd etdim ki, “himn hər bir ölkənin rəsmi simvoludur, Ermənistanın isə Azərbaycana qarşı işğalçı dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim”.
O ki qaldı üzr istəmək məsələsinə, bu erməni KİV-nin növbəti uydurmasıdır.
Yeri gəlmişkən, bu gün bütün dünyada, o cümlədən Rusiya səfirliyində 31 mart ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım günü geniş şəkildə qeyd edilir”.