XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 10:15

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının üzvü:“Azərbaycan Fransadan daha dünyəvi dövlətdir”

Fransanın “Bnai Brith France” (“Alyans övladları”) qədim yəhudi təşkilatında Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü, “Qubanın 12 daşı” romanının müəllifi Jan-Pyer Allali ilə görüş keçirilib.

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRİF) baş direktoru, “Bnai Brith France” təşkilatının Avropa üzrə sabiq direktoru Haim Muzikan iştirakçılara J.P.Allalinin Azərbaycana ilk səfərindən danışaraq ölkəmizi onun sayəsində yaxından tanıdığını bildirib. O, ölkəmizin coğrafiyası, demoqrafik vəziyyəti, əhalisi haqqında məlumat verib və J. P. Allalinin Azərbaycan ilə bağlı kitab yazdığını bildirib.

J.P.Allali 2012-ci ildə CRİF-in vitse-prezidenti qismində ölkəmizə ilk səfərindən danışıb, Bakının Qərb şəhərlərindən də modern bir şəhər olduğunu diqqətə çatdırıb.

1918-ci ildə müstəqilliyini elan edən Azərbaycanın müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk respublika olduğunu bildirib. Ölkəmizin Fransadan daha dünyəvi dövlət olduğunu vurğulayan J.P.Allali burada bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığını deyib.

Azərbaycan ilə İsrail arasındakı münasibətlərə toxunan J.P.Allali ölkəsinin enerji ehtiyaclarının 40 faizinin respublikamız tərəfindən təmin edildiyini bildirib. Bakıda İsrail səfirliyi, yəhudi sinaqoqları sərbəst şəkildə fəaliyyət göstərdiyini diqqətə çatdıran Allali Qubadakı dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə, yəhudi gənclər və qadınlar təşkilatları haqqında da məlumat verib.

O, ətrafındakı insanlara ölkəmizi daha yaxından tanıtmaq məqsədilə roman yazmaq qərarına gəldiyini deyib. CRIF-in icra bürosunun üzvü Bakı şəhərində, eləcə də Quba və Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatını əks etdirən “Şalom, Baku“ sənədli filmi haqqında da danışıb.

Sonra iştirakçıların ölkəmizlə bağlı sualları cavablandırılıb.

Fransa Aşağı-Ren departamentinin vitse-prezidenti Filip Meyer maraqlı sualla müraciət edib. O soruşub : “Azərbaycana qonşu olan Ermənistanda demək olar ki, yəhudi qalmayıb. Necə olur ki, xristian ölkəsi olan Ermənistanda yəhudilər ölkəni tərk edib, amma müsəlman ölkəsi olan Azərbaycanda yəhudilər hələ də yaşayır?”.

J.P.Allali bunun Azərbaycanda hökm sürən tolerantlıq mühiti ilə bağlı olduğunu bildirib.

Daha sonra natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Bildirib ki, çar Rusiyası tərəfindən Dağlıq Qarabağda məskunlaşdırılan ermənilər sonradan Azərbaycanın bu bölgəsini və onun ətrafındakı yeddi rayonu işğal ediblər. Azərbaycan ilə Ermənistan arasında müqayisə aparan J.P.Allali diqqətə çatdırıb ki, ölkəmizdən fərqli olaraq, işğalçı Ermənistanın vəziyyəti çox acınacaqlıdır, küçələr evsizlər və dilənçilərlə doludur. Qeyd olunub ki, həyat şəraitinin ağır olması səbəbindən hər il minlərlə sakin Ermənistanı tərk edir.

Haim Muzikan ölkəmizə təşkil olunan turist səfərləri barədə məlumat verərək iştirakçıları Azərbaycana dəvət edib.

Sonda J.P.Allali Bakıda, Qubada və Oğuzda yaşayan yəhudi icmaları haqqında yazdığı “Qubanın 12 daşı” romanını avtoqrafı ilə iştirakçılara hədiyyə edib.