XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2017 - 12:44

Professor Musa Qasımlı:"Həmişə bizə təlqin etməyə çalışıblar ki, sənin tarixin qaçaq-quldur tarixidir”

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı mart soyqırımı ilə bağlı 1905.az saytına müsahibə verib.

Strateq.az müsahibəni təqdim edir: 

–  Musa müəllim, Birinci Dünya müharibəsi dövrünün tədqiqatçısınız. Cümhuriyyət dövründə 1918-ci il soyqırımının təhqiqi ilə məşğul olan Fövqəladə Təhqiqat Komissiyasının əsas məruzəçilərinin digər millətlərdən ibarət olması bu komissiyanın tərəfsiz fəaliyyət göstərməsi deyilmi?

– Azərbaycanlılara qarşı törədilmiş soyqırımın zirvə nöqtəsi 1918-ci il mart ayında Bakıda oldu. Daha sonra digər bölgələrdə davam etdirildi. Bir neçə gün ərzində təkcə dinc əhali bolşevik, erməni-daşnak qüvvələri tərəfindən yalnız türk-müsəlman olduqları üçün amansızlıqla qətlə yetirildi. Bizim arxiv sənədlərində soyqırıma məruz qalan əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu göstərilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, dövrün ingilis arxiv sənədlərində birbaşa yazılır ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürüldü. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir. Cumhuriyyətin elan edilməsindən bir neçə ay sonra, iyul ayında  Azərbaycan hökuməti Fövqəladə Təhqiqat Komissiyası yaratdı.  Komissiyaya daxil olan şəxslər əsas etibarı ilə qeyri-azərbaycanlılar idi. Təhqiqat Komissiyasının üzvləri soyqırıma məruz qalan şəxslərlə görüşüb, soyqırımı qurbanlarının ailələrindən ifadələr alıb. Bu ifadələr sonradan bir neçə cilddə toplanıb. Təhqiqat Komissiyasının işinə gəldikdə isə, o bir daha göstərdi ki, Bakıda törədilən soyqırımın başlıca məqsədi – Azərbaycanın müstəqilliyinin elan edilməsinin qarşısını almaq, Abşeron yarımadasını yerli əhalidən təmizləmək, Bakı neftinə və Avrasiyaya gedən yola sahib olmaqdır.

– Bakı Kommunasının rəhbərliyində təmsil olunan N.Nərimanov, M.Əzizbəyov və M.Vəzirovun soyqırım hadisələrinə münasibəti ilə bağlı faktlar varmı?

– Soyqırımın törədilməsini Azərbaycan bolşeviklərinin özləri də etiraf edirdilər. Azərbaycanın görkəmli xadimi Nəriman Nərimanovun yazdığı məqalələrdə birmənalı şəkildə vurğulanırdı ki, bütün Qafqazda yalnız bir millət- müsəlmanlar qırılır. Həmin dövrdə bolşevik-erməni, daşnak dəstələri partiya mənsubiyyətinə fərq qoymayıblar. Onlar müsəlman, türk sosialistlərini belə öldürüblər. Lakin soyqırımı törədənlər öz niyyətlərinə çata bilmədilər. Doğrudur, onlar Azərbaycanın müstəqilliyə gedən yolunu uzatdılar, prosesi ləngitdilər, ancaq azadlığı boğa bilmədilər. Bundan bir neçə ay sonra Azərbaycanın müstəqilliyi elan edildi.

– İstiqlal Bəyannaməsinin elan edilməsi və 23 ay fəaliyyət göstərən cumhuriyyət  xalqın sonrakı taleyində hansı rolu oynadı?

– Cumhuriyyətin yaradılması təkcə Azərbaycan xalqının deyil, bütövlükdə müstəmləkə zülmü altında inləyən müsəlman xalqlarının həyatında böyük tarixi əhəmiyyət daşıyan bir hadisə oldu. Cümhuriyyət ideyasını və idarə üsulunu müsəlman xalqları arasına Azərbaycan xalqı gətirdi. Azərbaycan xalqı onlara müstəmləkəçilikdən azad olmağın yolunu göstərdi. Cumhruriyyət elan edildikdən sonra Sibirdə sürgündə olan bir çox müsəlman xalqların nümayəndələri Azərbaycan vətəndaşlığına keçmək istədiklərini Azərbaycanın İrkutskdakı  konsulluğuna bildirmişdilər.

– 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində kütləvi qırğınlar törədilmişdir ki, bunların ən dəhşətlilərindən biri 31 Mart soyqırımı olmuşdur.Bu cür vəhşiliklərin törədildiyi bir dövrdə ölkə daxilində buna qarşı çıxa biləcək heç bir qüvvə yox idimi?

 – Həmişə bizə təlqin etməyə çalışıblar ki, sənin dövlət tarixin yoxdur, sənin tarixin qaçaq-quldur tarixidir. Bəzən 1918-ci il qırğınlarında Bakıda olan qoçulardan danışırlar. Qoçuların fəaliyyəti Azərbaycanın tarixinin bir səhifəsidir. Amma bu bizim rəsmi, dövlət tariximiz deyil. Soyqırım törədilən zaman müstəqil dövlət olmasa belə, Azərbaycanın müqavimət göstərə biləcək hərbi qüvvəsi  azsaylı vəhşi diviziya idi. Azərbaycanlıların hərbi cəhətdən zəif olmasının bir sıra səbəbləri  var idi. Azərbaycanın şimalı çarizm tərəfindən işğal edildikdən sonra mərkəzi hakimiyyət heç bir zaman müsəlmanlara etibar etməyib, onları hərb xidmətə çağırmayıb. Beləliklə, azərbaycanlılar həm hərb sistemini yadırğayıblar, həm də hərbi xidmət keçmədikləri üçün vergi ödəyiblər. Buna baxmayaraq, çar ordusunda xidmət edən bir çox generallarımız olub.

– Bu yaxınlarda “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: Gerçək tarix axtarışında (1724-1920)” adlı iri həsmli monoqrafiyanız işıq üzü görüb. Qısaca “erməni məsələsi”ni necə xarakterizə edərdiniz?

– Səkkiz ölkənin arxiv materialları üzərində çalışmış arxivçi-tarixçi olaraq deyə bilərəm ki, “erməni məsələsi” deyilən bir məsələ müəyyən tarixi dövrlərdə bəzi böyük dövlətlər tərəfindən konkret məqsədlər üçün ortalığa atılıb. 1815-ci il Vyana konqresində əslində Osmanlını dağıtmaq məqsədi güdən “Şərq məsələsi” deyilən bir məsələ ortaya atıldı. Sonralar 1877-1878-ci illər rus-türk müaharibəsindən sonra “erməni məsələsi” ortaya atıldı. Bu, suni şəkildə yaradılmış bir məsələdir. Məqsəd Osmanlı imperiyasını parçalamaq, onun mülklərinə sahib olmaq və böyük dövlətlərin öz niyyətlərinə çatmaq idi.  Elə bu məqsədlə də “Böyük Ermənistan” uydurması yaradılıb. Hədəfə çatmaq üçün  terror-siyasi təşkilatlar qurulub. İlk addımlar Şərqi Anadoluda, daha sonra isə Cənubi Qafqazda atılıb. 1905-1906-cı illərdə Cənubi Qafqazda erməni silahlı terror dəstələrinin törətdikləri qırğınlarda başlıca məqsəd yerli əhalini daimi yaşayış yerlərindən qovmaq, xaricdən gələn erməniləri yerləşdirmək və “Böyük Ermənistan” yaratmaq üçün zəmin hazırlamaq olub. Bu hadisələr qarışıqlıq dövrü kimi səciyyələndirilsə də, ən məxfi çarizm sənədlərin yazıldığı kimi, ermənilərin konkret hədəfi “Böyük Ermənistan” qurmaq üçün bir addım atmaq olub.

– Musa müəllim, belə bir fikir var ki, ATƏT-in Minsk qrupu üzvlərinin Dağlıq Qarabğ bölgəsinə səfərləri “turistik” xarakter daşıyır. Biz həftədə 1-2 dəfə həmsədrlərin regiona səfərləri barədə məlumatlar oxuyuruq. Cəbhə bölgəsində monitorinqlərin aparılmasının şahidi oluruq. Adını çəkdiyimiz bu qurumun hazırki fəaliyyətini necə dəyərləndirirsiniz? Doğrudanmı həmsədrlərin regiona səfəri “turistik” səfərdən başqa bir şey deyil?

– 1992-ci ildən bəri fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna konkret mandat verilib və o, həmin mandat çərçivəsində fəaliyyət göstərir. Ötən müddət ərzində ATƏT-in Minsk qrupu Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bir neçə təkliflər irəli sürüb. Paket, mərhələli və ümumi dövlət həll variantları. Bu təkliflərdən biri (ümumi dövlət təklifi) beynəlxalq hüquq normalarına, Azərbaycan Konstitusiyasına zidd olduğu üçün dövlətimiz tərəfindən qətiyyətlə rədd edilib. Ermənistan isə vaxt udmaqla məşğuldur. Minsk qrupunun fəaliyyəti hələ ki, nəticəsizdir və səfərləri ancaq turist xarakteri daşıyır.

Aynur Hüseynova 1905.az