XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 12:46

Baş tutmamış “Minsk konfransı”:Qarabağda zorla sülh olarmı?

rus qarabaqda.JPG

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun həndəvərindəki 7 rayon zəbt olunub. 1994-cü ildə əldə olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir, təklif olunan sülh planları gerçəkləşmir.

1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan. Bu qrupun əsas məqsədi Dağlıq Qarabağa dair sülh konfransının çağırılmasıdır.

Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ-ın irəli sürdüyü təklifə görə, Dağlıq Qarabağ ətrafında olan rayonlar mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmalı, Dağlıq Qarabağın yekun statusu referendumla müəyyənləşməlidir. Amma bu plan baş tutmur. Ermənistan 1991-ci ildə özünü müstəqil dövlət elan etmiş Dağlıq Qarabağın Azərbaycandan ayrılmasında israr edir, Azərbaycan isə Dağlıq Qarabağa muxtar respublika statusu verməyə razılaşır.

Beynəlxalq vasitəçilər tərəflərin və ya onlardan birinin razılaşmadığı sülh planını zorla gerçəkləşdirə bilərmi?

Novator.az-a danışan konfliktoloq Elxan Mehdiyev belə bir həll variantının mümkünsüzlüyünü qeyd edib: “Vasitəçilərin yanaşması odur ki, biz heç bir tərəfə hər hansı həll planını qəbul etdirə, tərəflərin razılaşmadığı variantı gerçəkləşdirə bilmərik. Məsələn, beynəlxalq birliyin böyük bir qismi Kosovo məsələsində Serbiyanı nəzərə almadan Kosovonun müstəqilliyini tanıdı. Qarabağ məsələsində isə vasitəçi Minsk qrupu tərəflərin görüşüb razılığa gəlməsini aparıcı metod kimi ortaya qoyub. Bu, daha çox İsrail-Fələstin danışıqlarında tətbiq edilən metoddur. Həm işğalçının tələblərini yerinə yetirməyə yönəlmiş metodologiyadır və həm də Azərbaycanı mümkün hüquqi parçalanmadan qoruyan yanaşmadır. Yəni Azərbaycanın razılığı olmadan ərazilərin işğalı da tanınmaz. İndiki halda hələlik belədir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Novator.az-a deyib ki, Azərbaycan mərhələli həll variantını qəbul edir: “Söhbət Dağlıq Qarabağa müvəqqəti status verilməsi, işğal olunmuş torpaqların bir hissəsinin azad edilməsi və yekun statusun Minsk konfransında müzakirə olunması variantından gedir.

Tərəflərin razılığı olmadan sülh planı qəbul etdirmək isə heç cür mümkün deyil. İlk növbədə ona görə ki, hansısa məsələni məcburən hansısa ölkəyə qəbul etdirmək yalnız Birləşmiş Millətlər Təşkilatının səlahiyyətindədir və xüsusi qətnamələr əsasında həyata keçirilə bilər. Ayrı-ayrı ölkələr və onların nümayəndələri isə heç bir dövlətə heç nəyi güclə qəbul etdirə bilməz”.