XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2017 - 13:36

Vahid Əhmədov:“Testin ləğvinə çalışan insanlara müraciət edirəm: Bu çirkli yoldan əl çəkin!”

Uzun illərdir ki, Azərbaycan təhsil sistemində test üsulu tətbiq olunur. Bu illər ərzində neçə-neçə imkansız ailələrin övladları ali məktəblərdə təhsil almaq şansı qazanıb. Bunun da səbəbi odur ki, test üsulu şəffaf şəkildə həyata keçirilir.

 Lakin son vaxtlar abituriyentlərə təqdim olunan test kitabçalarında açıq tipli suallardan istifadə olunur. Yəni variantlar qeyd olunmur. Bu da həm valideynlərdə, həm də abituriyentlərdə narazılığa səbəb olur.

Doğrudanmı, yaxın gələcəkdə test üsulu ləğv oluna bilər?!

Ümumiyyətlə, test üsulunun ləğv olunmasında maraqlı qüvvələrin olması ehtimalı nə dərəcədə dəqiqdir?

Milli Məclisin deputatı, ilk dəfə test üsulunun Azərbaycanda tətbiq olunması prosesində iştirak edən Vahid Əhmədov Modern.az-a açıqlamasında test üsulunun ləğv olunması ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, test sistemi ləğv oluna bilməz.

“1992-93-cü illərdə Azərbaycanda test sistemi tətbiq olunub. Həmin vaxtlarda  baş nazirin müavini vəzifəsində çalışırdım. Testin üsulunun tətbiqi də həmin vaxtlara təsadüf edir. Daha doğrusu, bu sistemi biz yaratdıq.

 Test üsulunun tətbiqi ilə əlaqədar Türkiyə dövləti ilə sıx əlaqələr qurduq. Türkiyə mütəxəssisləri Azərbaycana gəlməklə yanaşı, Azərbaycan mütəxəssisləri də Türkiyəyə gedirdi. Nəhayət, testin Azərbaycanda tətbiqinə nail olduq. Test üsulu ilə bağlı qəti fikrim budur ki, bu sistemə dəymək lazım deyil.

 Sadəcə, üzərində  modernləşmə prosesi aparılmaqla yanaşı, müasir texnologiya sistemindən istifadə etməklə müəyyən işlər görülə  bilər.

 Bütün bunlara baxmayaraq, test üsulu Azərbaycan təhsil sistemində qalmalıdır. Çünki çoxumuz sovet sistemindən çıxmış insanlarıq. Həmin dövrdə imtahanların necə aparılmasını, korrupsiyanın, rüşvətxorluğun hansı səviyyədə olmasını çox yaxşı bilirik. O dövrdə universitetlərə qəbul prosesi faktiki olaraq, tapşırıqla, maddi vəsait ödənməklə həyata keçirilirdi. Bugünkü gündə isə reallıq başqa formada cərəyan edir. Ən ucqar bölgənin şagirdi test üsulundan keçməklə, ən yüksək ali məktəbi qazanmaq gücünə malik olduğunu göstərir”.

 Deputatın sözlərinə görə, test üsulunun ləğv olunmasında maraqlı qüvvələrin olması mütləqdir.

“Bu gün test üsulunun lazımlılığı, yaxud da qeyri-lazımlılığı ilə bağlı müəyyən fikirlər səsləndirirlər. Hətta, “Təhsil Haqqında qanun” layihəsi qəbul olunanda  bu məsələ ortaya çıxdı. Onu da deyim ki, test üsulunun ləğv edilməsinə çalışan müəyyən qüvvələr var. Uzun müddətdir ki, test sisteminə Məleykə Abbaszadə rəhbərlik edir. Çox savadlı  insan olmaqla yanaşı, yüksək ixtisaslı kadrdır. Hesab edirəm ki, test üsulunu daha da təkmilləşdirmə prosesini həyata keçirir. Dövlət İmtahan Mərkəzinin də fəaliyyətində ciddi problem görmürəm.

 Kim ki, test üsulunun ləğvinə çalışır, o, bu millətin düşmənidir. Azərbaycan millətinin daha savadlı və inkişaf etmiş olmasını istəmir. Hesab edirəm ki, test üsulunun ləğvindən söhbət gedə bilməz. Buna imkan vermək də lazım deyil. Çalışacağam ki, testin ləğvi həyata keçirilməsin.

 Əldə etdiyim məlumata görə dövlət başçısı və hökumətdə təmsil olunan rəhbər şəxslər də test üsulunun ləğvinin əleyhinədirlər. Test sistemi müasir tələblərə cavab verən texnologiyadır ki, Azərbaycanda tətbiq olunur. Test üsulunun ləğvinə çalışan insanlara bir daha müraciət edirəm ki, çirkli yoldan əl çəksinlər. Bu, gərəkli iş deyil”.