XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2017 - 18:43

Araz Əlizadə:“Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir?”

 

Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir.

Bunu deputat Araz Əlizadə Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib: “Bizdə bayraq haqqında deyiblər ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz. Ancaq indi deyirlər ki, Azərbaycanda bir kərə qalxan qiymət, bir daha enməz. Çünki ölkə başçısı tərəfindən əməkhaqqı və pensiya qaldırılmamışdan öncə qiymətlər qalxır. Sadə xalq çətinlik çəkir. Bayram ərəfələrində başqa ölkələrdə ucuzlaşma olsa da, bizdə qiymətlər dəfələrlə artır və enmə olmur”- deyə, o vurğulayıb.

A.Əlizadə deyib ki, bu gün rayonlarda otellərə gedirsən, orada  yataq dəstləri illərlə yenilənmir, elə köhnə yataq dəstləridir: “Ya kondinsioner işləmir, ya istilik sistemi. Belə olmaz, axı?! Qiymətdə ki, Allah  göstərməsin, yaxına düşmək olmur. Şəraiti olmayan otelin bir gecəsinə 80 manat.  Məgər daxili turizm varlılar üçün nəzərdə tutulub? Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir?”- deyə, A.Əlizadə bildirib.

A.Əlizadə deyib ki, otellərin ulduz məsələsinə bir daha baxılmalı və bu məsələ tənzimlənməlidir.

Qanun layihəsi ilə bağlı məsələyə gəldikdə isə A.Əlizadə bildirib ki, sənəddə elə müddəalar var ki, onlar birbaşa  korrupsiyaya yol açır: “Ona görə də qanun layihəsi konkret olmalı və  məmurlar korrupsiyaya yol açan məqamlara yol verməməlidir. Çünki qanunun boşluğundan istifadə edən məmur hansısa sahibkar bir turist obyekti və ya restoran tikməyə başlayan kimi başının üstünü kəsdirir  və deyir: tez ol, ver. Belə olmaz, axı…”

A.Əlizadə xaricə gedən turistlər üçün də yaxşı imkan yaradılmasını təklif edib. O, deyib ki,  ildə bir milyonadək azərbaycanlı Gürcüstanda-Batumda istirahət edir: “Baxın, İrəvanda qatar birbaşa Batuma gəlir, ancaq Bakı qatarı Tiflisədək gedir. Oradan isə vətəndaşlarımız Gürcüstana məxsus ekspress qatarı ilə Batuma getməli olur. Bir yandan biz  dəmiryolun rentabellisisz işlərini deyirik, bir yandan digərlərinə imkan yaradırıq ki, biz qazana bilmirik, siz qazanın. Məgər Gürcüstana az vermişik ki, bu sahəni də onalara verək?… Olmaz elə özümüz Batumadək qatar marşurutu açaq. Qaz verdik, nefti verdik, digər sahələrdə yardım etdik. Bəsdir də.. Qoy özümüzünkülər bu sahədə aktivləşsin də…”- deyə, o, bildirib.

Millət vəkili Rafiq Məmmədhəsənov  da qiymətlərin əlçatan olması ilə bağlı məsələni dilə gətirib. (Gununsesi.info)