XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 10:08

Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başlayıb –“Əzələ nümayişi” kimə yönəlib?

Rusiya Xəzərdə növbəti irimiqyaslı hərbi təlimlərə başlayıb.

Cənub hərbi dairəsinin komandanlığı təlimlərdə 20-dən çox hərbi gəminin və təchizat gəmilərinin iştirak etdiyini bildirir. Bunların arasında Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri, habelə artilleriya və desant gəmiləri yer alır.

Təlimlər zamanı heyətlər eyni zamanda quru, hava və dəniz hədəflərinə gəmilərin arsenalında olan silah sistemlərindən atəş açılmasını sınaqdan keçirəcəklər. Habelə hərbi manevrlər, gəmilərin döyüş düzümü və yürüşü həyata keçiriləcək. Təlimlərin keçirildiyi günlərdə Xəzər dənizində 1500 dəniz mili sahəsində poliqon mülki gəmilərə bağlı olacaq.

“Nezavisimaya qazeta” Xəzər donanmasının bu təlimlərini Rusiyanın mübahisəli dənizdə növbəti əzələ nümayişi kimi qiymətləndirir. Ancaq bu əzələ nümayişinin kimə qarşı yönəldiyi açıq göstərilmir. Bununla belə qəzet qeyd edir ki, zəngin neft-qaz ehtiyatlarına malik olan Xəzər dənizinə “regiondan kənar ölkələrin” hərbi qüvvələrinin daxil olması yolverilməzdir. Bu, sahilyanı ölkələrin sammitində qəbul edilmiş qərardır. “Lakin bu məsələdə “hələlik” sözünü əlavə etmək lazımdır. Çünki Xəzərdə Qərbin iri neft-qaz korporasiyaları işləyir. Üstəlik Azərbaycanın NATO üzvü olan Türkiyə ilə sıx əlaqələri var, Moskva ilə Bakının münasibətləri isə vaxtaşırı olaraq soyuq vektora daxil olur. Türkmənistan və Qazaxıstan da NATO ilə dolayısı əməkdaşlıq edir. Ona görə də Xəzərdə NATO qüvvəərinin meydana çıxması təhlükəsi hər halda, mövcuddur”-qəzet belə qənaətə gəlir.

Doğrudan da Rusiya son illərdə Xəzər donanmasını durmadan gücləndirir, habelə bu kiçik qapalı dənizdə güc nümayişinə əl atır. Məsələn, Rusiyanın Xəzərdən Suriyadakı hədəflərə “Kalibr” qanadlı raketləri ilə zərbələr endirməsi hərbi nöqteyi-nəzərdən heç cür əsaslandırıla bilməzdi və hamıya aydın idi ki, Moskva bununla güc nümayiş etdirir. Həm özünün yeni qanadlı raketlərinin imkanlarını göstərir, həm Xəzər dənizinin istisnasız olaraq onun hərbi məsuliyyət zonası olduğunu nümayiş etdirir. (Virtualaz.org)