XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 17:30

Tahir Kərimli:“Etik qaydaları pozduğuna görə deputatın hüquqi məsuliyyətə cəlb olunması düzgün deyil”

“Deputatların etik davranışını tənzimləyən qanun millət vəkillərinin fəaliyyətini məhdudlaşdıracaq”.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli Milli Məclisdə hazırlanan və deputatların  etik davranış qaydalarını tənzimləyən qanun layihəsi haqqında mövqeyini açıqlayarkən deyib.

 Onun sözlərinə görə,  artıq etika ölkədə mənəvi kateqriyadan çıxıb hüquqi  bir məsuliyyət davranış qaydasına  keçəcək: “Mən bununla bağlı Milli Məclisin son plenar iclasında bələdiyyələrin etik davranış qaydaları ilə bağlı məsələyə mövqeyimi açıqlayarkən dedim.  Etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində Konstitusiyada öz əksini tapıb və buna uyğun  olaraq da  qanun hazırlanmalıdır. Geriyə yol yoxdur.

Baxmayaraq ki, mən hələ referendumdan öncə belə bir maddənin  Konstitutsiya dəyişikliyinə salınmamasını təklif etmişdim.  Ancaq artıq  bu məsələ Konstitusiyaya görə, deputata etik davranış qaydası üçün hüquqi məsuliyyətin  nəzərdə tutulmasını özündə ehtiva edir”.

Millət vəkili  əlavə edib ki,   etik davranış qaydasına görə, hüquqi məsuliyyət məsələsi dünyanın heç bir yerində yoxdur.

 T. Kərimli deyib ki, əgər etik davranış  hüquqi kateqoriyaya aid ediləcəksə, o zaman bunun bir hüquqi termin kimi  izahı verilməlidir.

“Bu gün bələdiyyə üzvünə, deputata fəaliyyətinə görə etik qaydalar tətbiq edilirsə, sabah da digər sahənin əməkdaşına qarşı belə qayda müəyyən olunacaq. Əgər  etik davranış məsələsi ümummilli məslədirsə, gəlin o zaman  sovet dövründə necə kommunizmin etik kodeks qaydaları vardı,  o cür  də hamıya şamil ediləcək ümummili bir etik  davranış qaydaları müəyyən edək. Hamı da buna riayat etsin və hamı eyni hüquqa malik olsun. Yoxsa, bələdiyyə üzvü  etik davranış qaydasını pozduğuna görə,  töhmət və ya xəbərdarlıq alır, deputatın isə hətta, fəaliyyətinə xitam verilir, bu, düzgün deyil”- deyə, millət vəkili vurğulayıb.

T. Kərimli əlavə edib ki, bu qanunun qəbulu avtomatik qaydada deputatın fəaliyyətini məhdudlaşdıracaq: “Yəni,  deputat hər çıxışına və işlətdiyi ifadəyə görə, hər an cəza alacağını əvvəlcədən  göz  önünə almış olur.  Baxmayaraq ki, xarici ölkələrdə deputatlar arasında  hətta, dava düşür  və buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar”.

 Deputat bu baxımdan təklif edir ki, deputat etik qaydaları pozarsa, o zaman ən pis halda ona  ictimai məzəmmət olsun.

“Əks halda hüquqi məsuliyyət deputatı  hər zaman pressinq  altında saxlayacaq. Ona görə də deputatın etik davranış qaydalarını pozduğuna görə, hüquqi məsuliyyətə cəlb olunması düzgün yanaşma deyil. Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz oxdur. İş bununla bitməyəcək, bu cəzaya görə deputatın sonrakı taleyi də sula altında qalmış olacaq. Yəni deputat gələcəkdə pensiya təminatından, siyasi  və digər təminatlardan məhrum olacaq. Bu baxımdan hesab edirəm ki, qanun layihəsi hazırlanarkən  bir çox məsələlərə həssas yanaşılmalıdır”.

 Millət vəkili geriyə yolun və bunun mexanizminin mümkün olmadığını  da dilə gətirib. O, deyib ki, bunu ancaq  yenidən referendumla etmək olar: “ Bircə o qalır ki, qanun hazırlanarkən hər məsələyə çox həssaslıqla yanaşılmalıdır”.