Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.
BQP-dən Strateq.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə edilib.
İclas öz işinə bu yaxınlarda vəfat etmiş BQP Ali Nəzarət Qurulunun sədri Fərahət Dəyyanovun xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və ruhuna duanın oxunması ilə başlayıb.
Siyasi Qurulun üzvləri İstanbulda təqdimatı təşkil edilən "İpək Yolu” Strateji Araşdırma Mərkəzi və “İpək Yolu” Jurnalı tərəfindən “İlin Qızıl Adamları” mükafatları çərçivəsində partiya başqanı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafanı “Türk dünyasına xidmət” mükafatına layiq görülməsi münasibəti ilə təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb.
Iclas Ali Nəzarət Qurulunun növbədənkənar iclası haqqında məlumatı dinləyib. Qeyd edilən iclasda təşkilati məsələyə baxılıb və qurulun üzvü Ramiz İsmayılov BQP Ali Nəzarət Qurulunun sədri seçilib.
Siyasi Qurul Partiya Ali Məclisinin növbəti iclasının çağırılması haqqında məsələni müzakirə edib. Qərara alınıb ki, BQP Ali Məclisinin növbəti iclası may ayının ikinci ongünlüyündə keçirilsin. Ali Məclisin gündəliyi, qərar və qəbul ediləcək digər sənədlərin layihələrinin hazırlanması İşçi Orqanına həvalə edilib.
Iclasda Rusiya qanunvericiliyində nəzərdə tutulan xəbərdarlıq, cərimə addımları adlanaraq bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsinə kəskin etiraz edib:
“UAK qonşu ölkənin bölgələrində 74 təşkilatının mövcud olduğu çox ciddi və güclü ictimai qurumdur. Rusiya qanunvericiliyinə uyğun fəaliyyət göstərərək yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirib. 16 ildir ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşkilatın birdən-birə qeyri-qanuni elan edilməsində siyasi iradənin rolunun olduğunu düşünməmək mümkün deyil. Sənədlərdə texniki problem olması bəhanəsi ilə istənilən təşkilatın qeydiyyatının ləğvi mümkündür. Amma qəribədir ki, yüzlərlə erməni təşkilatları bu gün Rusiyada sərbəst fəaliyyətlərini davam etdirməkdədir. Bunların arasında məram və məqsədlərini aşan “Bolşaya Armeniya”, “Novo Naxiçevanskie” təşkilatları kimi qonşu ölkələrin ərazilərinə iddialarını dilə gətirməkdən çəkinməyən millətçi qurumlar da var. Bütün bu qanunsuz əməlləri Rusiyanın müvafiq orqanları görməzdən gəlir. Ümidvarıq ki, soydaşlarımızı birləşdirən nüfuzlu təşkilatın, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə Rusiyanın aidiyyatı qurumları daha ciddi yanaşacaq və Rusiya -Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələrin təhrikinə imkan verməyərək Azərbaycanı adekvat addımlar atmağa məcbur buraxmayacaq".