XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 10:05

Zahid Oruc:“Artıq proses bizim iradəmizdən kənar gedir, bölgə dövlətləri dəqiq seçimlərini edirlər”

“Avropa Birliyinin Gürcüstan və Ukrayna ilə bağlı viza rejiminin ləğvi qərarından sonra bu yöndə Azərbaycanla da addımlarını qətiləşdirməyə ehtiyac var”

Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc AB-nin Azərbaycanla da viza rejimini ləğv edə biləcəyi haqda yaydığı məlumatları “Yeni Müsavat” qəzetinə şərh edərkən deyib: “Doğrudur, bəziləri Azərbaycanın buna hazır olmadığını iddia edir. Hesab edirəm ki, bu, çox yanlış müşahidədir. Birincisi, ona görə ki, Azərbaycan AB-nin ən etibarlı iqtisadi tərəfdaşıdır. Bizim xarici ticarət dövriyyəmizdə bu ölkələrin nə qədər mühüm yer tutduğunu rəsmi statistik göstəricilərlə sübuta yetirmək mümkündür. Lakin bölgədə həssas şəraiti də qətiyyən inkar etmək mümkün deyil. Açıq şəkildə demək lazımdır ki, bu münasibətlər bölgədə bir sıra dövlətləri ciddi şəkildə narahat etməkdədir. Həm də onlar bunu praqmatik iqtisadi maraqlarla izah edirlər”.

Deputat bildirib ki, AB bu illər ərzində Azərbaycanın etibarlı enerji, iqtisadi tərafdaşlığına, qət edilmiş siyasi yolun böyük bir hissəsinə rəğmən, Azərbaycan vətəndaşlarına da viza rejiminin ləğvi qərarını verməlidir: “Gerçəkdən onlar istəyirlərsə ki, Azərbaycan insanı Avropa dəyərlərinə daha yaxından qovuşsun, Avropanın hüquqi və siyasi arealında özünü yaxşı hiss etsin, digər məkanlar və dəyərlər fərqini müqayisəli bir şəkildə öz həyatında yaşasın, viza rejiminin ləğvinə getməlidirlər”. Deputatın sözlərinə görə, indi Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün xeyli sərt prosedurlardan keçməli olurlar.

Azərbaycanla AB arasında viza rejiminin ləğvinin Azərbaycanın AB-yə inteqrasiyasına ciddi yol açacağından Rusiyanın narahatlığına və Moskvanın bu prosesə mane ola biləcəyinə gəlincə, deputat dedi ki, bu məsələləri Rusiya hakimiyyəti ilə anlayışla müzakirə etmək mümkündür: “Azərbaycan bu illər ərazində Rusiyadan özünə təhlükə gözləmədiyi kimi, biz də anti-Moskva bloklarında yer almamışıq, Qərb dövlətlərinin Kreml əleyhinə sanksiyalarını müdafiə etməmişik. Bizim üçün də AB ilə əməkdaşlıqda sırf iqtisadi, hüquqi, siyasi əlaqələr önəmlidir. Azərbaycan AB ölkələrinin hərbi bazalarını gətirib Kürdəmirdə, Nasosnıda yerləşdirməyi təklif eləmir. Viza rejiminin ləğvi bunu nəzərdə tutmur. Biz AB ilə əməkdaşlığı ABŞ tanklarının gəlib sərhədimizdə keşik çəkməsi müstəvisində nəzərdə tutmuruq. Azərbaycanın AB ilə əməkdaşlığı Rusiya əleyhinə koridorun qurulmasında iştirak kimi nəzərdə tutulmur”.

Z.Oruc etiraf edib ki, AB arealında Azərbaycanın tam hüquqlu üzvlüyü şübhəsiz ki, bu bölgənin arxitekturasına təsir edər: “Ancaq proses artıq bizim iradəmizdən kənarda getməkdədir. Bu bölgənin dövlətləri dəqiq seçimlərini edirlər. Biz də üzərimizə başqa xarakterli öhdəliklər götürmədən, sırf iqtisadi, siyasi, vətəndaşlarımızın gediş-gəlişini asanlaşdıran münasibətlərə gedəcəyimiz halda bundan heç bir tərəf itirməyəcək. Çox ümidvaram ki, AB tərəfindən müsbət qərar veriləcək”.