XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 19:41

Türkiyədə seçki, İranda fəlakət, məscid söküntüsü… –ADP iqtidara səsləndi

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantıda ötən həftənin siyasi hadisələri dəyərləndirilib.

İlk növbədə İranda, soydaşlarımızın yaşadığı Şərqi Azərbaycan vilayətində baş vermiş təbii fəlakət nəticəsində soxsaylı insan tələfatından ciddi narahatlıq ifadə edən partiya İdarə Heyəti üzvləri Azərbaycan dövlətinin bu hadisəyə laqeyd münasibətinin anlaşılmaz olduğunu bildirib və  hakimiyyəti fəlakət qurbanlarına lazım olan humanitar yardımları yubanmadan təşkil etməyə çağırıblar. İclas iştirakçıları həmçinin, sel və daşqınlar nəticəsində həyatını itirmiş insanların yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib.

Türkiyədə keçirilən Konstitusiya referendumunun azad və demokratik şəkildə başa çatmasını yüksək dəyərləndirən partiya İdarə Heyəti yeni konstitusiya dəyişikliklərindən sonra qardaş ölkənin daha da inkişaf edəcəyinə, regionun və dünyanın qüdrətli ölkələrindən biri olacağına inam ifadə edilib. Türkiyənin iqtisadi cəhətdən güclü, demokratik və stabil inkişaf edən bir ölkə olaraq digər türkdilli və müsəlman ölkələri üçün nümunə olmasına diqqət çəkən partiya yetkililəri olduqca mürəkkəb dövrdə keçirilən konstitusiya dəyişikliklərinin bütün region üçün faydalı olacağına ümid etdiklərini bildirib.

İclasda ötən həftə Rusiyanın Ermənistana "verba” raket kompleksləri verməsi ilə bağlı yayılan məlumatlardan ciddi narahatlıq ifadə edilib. Qeyd edilib ki, Azərbaycan hakimiyyətinin ölkəmizin dostu və müttəfiqi adlandırdığı,eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın işğalçı Ermənistanı ən müasir silahlarla silahlandırması təkcə bizim ölkəmiz üçün deyil, bütövlükdə bölgə üçün ciddi təhlükə yaradır. İdarə Heyəti Azərbaycan hakimiyyətini mövcud faktla əlaqədar müvafiq siyasi və diplomatik addımlar atmağa, məsələnin beynəlxalq müstəviyə çıxarılmasına cəhd etməyə çağırıb.

İclasda Bakıda tarixi abidə kimi qorunun qədim məscidin sökülməsi ilə əlaqədar yaranmış qarşıdurmaya da münasibət bildirilib. Bu hadisə xalqımızın dini dəyərlərinə qarşı hörmətsizlik, vicdan azadlığına qəsd kimi dəyərləndirilib və qətiyyətlə pislənilib. Baş vermiş hadisənin təsadüf olmadığını, indiyədək məscidlərdə uca səslə Azan verilməsinin qeyri rəsmi qadağan edilməsini, paytaxtda bir neçə məscidin sovet dönəmində olduğu kimi bağlı saxlanmasını və s. xatırladan partiya yetkililəri əhalisinin tam əksəriyyəti müsəlman olan ölkəmizin dini dəyərlərinə hörmətsizlik etməyin yolverilməz olduğunu, bu işdə məsuliyyəti olan vəzifəli şəxslərin isə ciddi cəzalandırılmasının vacib olduğunu bildirib.