XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 14:33

Deputat:"AŞPA-nın qərarı Türkiyəyə qarşı kampaniyanın növbəti mərhələsidir"

AŞPA-nın Türkiyə ilə bağlı qərarı bu ölkəyə qarşı aparılan kampaniyanın növbəti mərhələsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildrib ki, 1963-cü ildən Türkiyənin müraciətinə baxmayaraq, ölkə Avropa Birliyinə qəbul edilmir:

“Türkiyənin PKK terror təşkilatına qarşı mübarizəsini Avropa dəstəkləmir. Ötən il Almaniya parlamenti uydurma “erməni soyqırım”ını tanıyaraq, Türkiyəyə qarşı böyük bir haqsızlıq etdi. Bir müddət əvvəl türkiyəli nazirlərin Avropaya buraxılmaması, dünən isə AŞPA-nın Türkiyəni post-monitorinq mərhələsindən yenidən monitorinq mərhələsinə qaytarması isə Avropa Şurasının özünün öz nizamnaməsini ciddi surətdə pozması deməkdir”.

Deputat bildirib ki, Türkiyə sıradan bir ölkə deyil:

“Türkiyə dünyanın və regionun nüfuzlu ölkələrindən biridir, dünyanın stabilliyinə və təhlükəsizliyinə ciddi töhfə verir. Türkiyə həm də Avropa Şurasının siyasi xəttini müəyyənləşdirən ölkələrdən biridir və bu ölkənin nümayəndəsi vaxtilə AŞPA-nın prezidenti olub. Türkiyənin müstəqil daxili və xarici siyasəti Avropada müəyyən dairələrin xoşuna gəlmir. Onlar Türkiyəni zəif, iradəsiz, ən əsası isə Qərb dairələrinin maraqlarına uyğun siyasət aparan bir dövlət kimi görmək istəyirlər”.

A.Mirzəzadə əlavə edib ki, AŞPA-nın bu qərarı Avropa təşkilatlarının ikili standartlarından xəbər verir:

“Ermənistanda seçkilər ciddi qanun pozuntuları ilə keçirilir, AŞPA bu məsələyə münasibət bildirmir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq qonşu Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayır, ancaq AŞPA Azərbaycanla Ermənistanı tərəzinin bir gözünə qoyur".

Deputat vurğulayıb ki, anti-türk kampaniyası çox əcaib bir xarakter alıb:

“Bu heç də Avropaya başucalığı gətirmir. Bu, Avropaya yeni düşüncə gətirilməsinin vacibliyini vurğulayır. Avropa özünün elan etdiyi və dünyaya nümunə göstərdiyi demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərinə qayıtmalıdır, ədalətsizliyi və ikili standartları fəaliyyətindən kənarlaşdırmalıdır”.

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.