XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2017 - 22:47

“AŞPA demokratiya və insan haqlarına sahib çıxmalıdır” –BQP-də toplantı

Bu gün Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbəti iclası olub. 

Partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə edilib.

Bu barədə Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı partiya Başqanının məruzəsi dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Siyasi Qurulda İran şirkətlərinin Qarabağ separatçılarına yardım göstərməyə davam etməsinə kəskin etiraz edilib: 

"Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən yayılan xəbərlərdə İran şirkətlərinin Qarabağ separatçılarına yardımlarının miqyasının böyüklüyü Ermənistandakı "İran Mellat Bankı”ının hüquq sektorunun keçmiş rəhbəri H.Ovanisyanının etiraflarında bir daha təsdiqini tapır. Məlumata görə, "İran Mellat Bankı”nın İrəvan filialı növbəti dəfə 2016-cı ilin aprelində "Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımı göndərib. Lakin bank adının hər hansı rəsmi sənədlərdə hallanmaması üçün bank köçürməsi həyata keçirmir. Bank tərəfindən təşkil olunan bu tip yardımlar fərdi kuryer vasitəsilə reallaşdırılır. Həmin şəxs işdən azad olunmasını, məhz "bank sirrinin yayılması” ilə bağlı olduğunu bildirir.

2016-ci ilin aprel hadisələri zamanı "İran Mellat Bankı”ının tapşırığı ilə "Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə bölgəyə səfər etdiyini deyən Ovanisyan Dağlıq Qarabağa yardım edən bir sıra İran şirkətlərinin siyahısını yayımlayıb və bu şirkətlərin sayının YÜZLƏRLƏ olduğunu bildirib. Açıqlanan məlumatda İran şirkətlərinin dəqiq adları və onların rəhbərlərinin kimliyi qeyd olunur. 

Azərbaycanın başına fəlakət və faciələr gətirən işğalçı ölkənin əməlləri qarşısında susqunluq nümayiş etdirən İran tarixində ilk dəfə olaraq ermənilərə Türkiyə səfirliyi qarşısında uydurma erməni soyqırımı ilə bağlı kütləvi aksiya keçirməyə icazə verir. Səfirliyin qarşısına toplanmış ermənilər "Türkiyə faşist dövlətdir", "Ermənilər şəhid oldular" və s. kimi bəyanatlar səsləndirir. Bütün bunlar artan türk (həm də Azərbaycan) düşmənçiliyinin təzahürləridir. Son günlər erməni KİV-lərində daha sıx şəkildə nahaq yerə İranı Ermənistanın "böyük dostu", ”qüdrətli dostu" kimi dəyərləndirmirlər”.

Siyasi Qurul mayın 1-dən 5-dək Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçirməsini təqdirlə qarşılayıb və birgə təlimlərin vacibliyini qeyd edərək, keçirilən təlimlərdə qazanılan təcrübənin hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsir göstərməsi və bu təlimlərin ordumuzun hərbi hazırlıq və döyüş qabiliyyətinin daha da artırılması və işğalçı Ermənistana ismarıc xarakter daşıması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

İclas KİV-lərdə Qarabağ separatçılarının UEFA ilə danışıqlara başlaması və qondarma "Artsax Respublikası” futbolunun tanıdılması və beynəlxalq yarışlara vəsiqə alınmasına nail olmaq məqsədlərindən bəhs edən xəbərlərə münasibət bildirib: 

"Ümid edirik ki, erməni separatçılarının xəyalları UEFA tərəfindən rədd ediləcək. UEFA -nın BMT-nin üzvü olmayan, işğalçı ölkənin özü tərəfindən tanınmayan, Azərbaycanın ayrılmaz ərazi vahidinin futbol komandasını öz sıralarına qəbul etmək hüququ yoxdur. Dağlıq Qarabağdan olan etnik ermənilər əgər idmanın futbol, eləcə də digər növlərində yarışmaq istəyirlərsə, onun yolu yaşadıqları ölkənin qanunlarına hörmətlə yanaşmaq və müxtəlif idman növləri üzrə keçirilən Azərbaycan çempionatlarında iştirak etməkdən keçir”.

Siyasi Qurul Avropa Şurası Parlament Assambleyasının Türkiyəni siyasi nəzarət altına almaq qərarını tənqid edib və həmin qərarı qərəzli və Avropanın Türkiyəni sıxışdırmaq siyasətinin tərkib hissəsi kimi dəyərləndirib: 

"Avropanın istəyi Türkiyədə demokratik təsisatların işləməsinə nail olmaqdırsa, köhnə qitənin paytaxt şəhərlərində terror təşkilatlarının təbliğ olunmasına, Türkiyə düşmənlərinə hərtərəfli şərait yaradılmasına, Türkiyəni parçalamaq niyyətində olan terrorçu qruplarla işbirliyinə, suveren ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə edilməsinə son qoyulmalıdır. Təəssüf ki, Avropa Şurası bəzi Avropa ölkələrinin iradəsinə tabe olaraq, bəlli siyasi məqsədlərdə alət kimi istifadə olunmaqdadır. AŞPA demokratiya və insan haqlarına sahib çıxmalı, özlərinin müəyyənləşdirdiyi qaydalara sayğı göstərməli, Türkiyə ilə dialoq qapılarını açıq tutaraq ölkədə demokratiyanı gücləndirməyə çalışmalıdır”.

İclasda Fransada prezident seçkiləri kampaniyasında iştirak edənlərin ermənipərəst mövqe ifadə etmələri kəskin tənqid edilib: 

"Seçki kampaniyasının ikinci turunda iştirak edən namizədlər erməni lobbisinin dəstəyini qazanmaq üçün beynəlxalq hüquq normalarına saymazyana münasibət sərgiləyir, Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan müəyyən vədlər verirlər. Ölkələrin ərazi bütövlüyünə sayğısız yanaşmanı məqbul hesab edirsinizsə, II Dünya müharibəsi nəticəsində qazandığınız əraziləri əvvəlki sahiblərinə qaytarmaqla niyə nümunə göstərmək istəmirsiniz? Torpaq paylamaq adətiniz varsa, özünüzdən başlamanız ədalətli olmazmı? 

Beynəlxalq hüququ heçə sayan bu tip məsuliyyətsiz bəyanatlara, sərsəm hədyanlara qarşı heç bir halda susmamalı, Azərbaycan tərəfi məsələyə öz mövqeyini bildirməlidir. Əks halda bu tip çıxış və çağırışlar gələcəkdə müəyyən problemlər yarada bilər”.

İclas sonda cari məsələlərin müzakirəsi ilə öz işini sona çatdırıb.