“Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, bu gün gənc nəsillərin arzu etdiyi cəmiyyəti gələcəkdə onlara təqdim edə bilək”.
“Report” xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün bütün işlər həyata keçirilir: “Bu işdə gənclərimizin daha yaxşı təhsil alması və zəngin biliklərə sahib olması tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyiələnməkdir”.
“Bu gün Azərbaycanda gənc nəslə, hətta məktəblilərə bu imkanlar bütünlüklə təqdim edilib”- deyən baş nazirin müavini qeyd edib ki, ölkədə gənclərin yaxşı təhsilə sahib olması üçün bütün imkanlar yaradılıb: “Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar da gələcəkdə ulu öndər Heydər Əliyevin ideyalarını, eləcə də onun layiqli davamçısı olan İlham Əliyevin həyata keçirdiyi işləri layiqincə davam etdirmək potensialına malikdirlər”.
O, həmçinin əlavə edib ki, bu günə qədər məktəblilər arasında keçirilən müsabiqənin qaliblərindən 50 nəfərə YAP-ın təqaüdü verilir: “Eyni zamanda, bu gün keçirilən müsabiqədə qalib gələn şagirdlər gələcəkdə məzun olub tələbə adını qazanarlarsa, onlara gələcəkdə 4 illik təhsil müddətində YAP-ın təqaüdü ilə mükafatlanacaqlar”.