XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 12:39

“Putinin Ərdoğanla görüşünün mahiyyəti tam aydın olmadı” –Politoloqdan Soçi görüşünə şərh

"Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Soçiyə niyə dəvət edib görüşməsi, doğrusu, mənimçün tam aydın olmadı".

Strateq.az xəbər verir ki, bunu iki ölkə prezidentinin ötən gün Soçidə görüşünü şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, prezidentlər bir ay əvvəl Moskvada görüşüb münasibətlərin bütün parametrlərini müzakirə etmişdi:

"Düşünmək olardı, Putin Ərdoğanı Soçiyə ona görə dəvət edib ki, hansısa problemli məsələnin həllində nəsə təklifi var, irəliləyiş gözlənilir. Ancaq bu görüşdən sonra bəlli oldu ki, Moskva Türkiyənin bəzi kənd təssərrüfatı məhsullarına, o cümlədən haqqında daha çox danışılan pomidora qoyduğu embarqonu aradan qaldırmaq fikrində deyil. Putin bunun səbəbini belə izah etdi ki, iki ölkə arasında münasibətlər gərginləşəndə Rusiya hökuməti yerli pomidor istehsalçılarına dövlət xətti ilə kreditlər verib və onlar bazarı doldurmalıdırlar. Yəni, Putin demək istəyirdi ki, Türkiyə pomidorunu Rusiya bazarına buraxsalar, Rusiya pomidorlarını alan olmayacaq. Türkiyənin Rusiyadan taxıl alıb-almayacağı da bəlli olmadı. Putinin sözlərindən o da bəlli oldu ki, Türkiyə vətəndaşlarına tətbiq olunan viza da aradan qaldırılmır”.

E.Şahinoğlu bildirib ki, V.Putinin Ərdoğanın Suriyadakı silahlı kürdlərə dəstək verib-verməyəcəyi məsələsində həssaslığını nəzərə alıb-almayacağı da bu görüşdən sonra bəlli olmadı:

"İki ökə arasındakı enerji layihələri tam gücü ilə davam edir. Ancaq bu, Putin-Ərdoğan görüşündən öncə də məlum idi. Bizə aid olan isə odur ki, Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli barədə xüsusi fikir mübadiləsi aparmadılar. Bu, gözlənilən idi. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya-Türkiyə dialoqunun əsas mövzularından biri deyil”.

Strateq.az