XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2017 - 17:21

Leyla Əliyeva:"Mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır"

Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün bütün dünyadan insanların bir yerə toplaşması ruhlandırır.

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” adlı 2-ci Plenar sessiyada çıxışında deyib.

Leyla Əliyeva qeyd edib ki, mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır: "Belə bir dialoqun alternativi yoxdur".

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, insanlar arasında dialoq az olduqca, nifrət və cahillik daha da artır.

Leyla Əliyeva vurğulayıb ki, əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub: “Tarix boyu Azərbaycanda bütün insanlar – istər müsəlman, istər yəhudi, istərsə də xristian olsun – dinc şəraitdə birgə yaşayıblar. Lakin heç kəs bunu “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Qarşılıqlı fəaliyyət ölkəmizdə gündəlik həyatın sadəcə bir hissəsi olub”.

Onun sözlərinə görə, dünyanı daha yaxşı etmək üçün Yer kürəsinin hər yerindən insanların toplaşdığı Bakının mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olması təbiidir:

“Mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühitin həvəsli mühafizəçisi kimi mənim üçün mühüm əhəmiyyət kəsb edən bu plenar iclasda çıxış etmək xüsusilə xoşdur”.

Leyla Əliyeva qeyd edib ki, ərzaq təhlükəsizliyi, sülh və dayanıqlı inkişaf arasında sıx əlaqə bu tədbiri hazırda zəruri edir:

“Biz hamımız bilirik ki, mədəniyyətlərarası dialoq irqçiliyin və zorakılığın daha da artmasına mühüm müqavimətdir. Lakin mədəniyyətlərarası dialoqun imkanları tolerantlıq və birgəyaşayış ideyalarının inkişaf etdirilməsi çərçivəsindən uzağa çıxır. Həmçinin mədəniyyətlərarası görüşlər ümumi məqsədlərimizə çatmaq üzrə yenilikçi üsulların inkişafına kömək edir".

Leyla Əliyevanın sözlərinə görə, “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in qəbul edilməsi dünya ictimaiyyətinin insanların və planetin rifahının təmin edilməsi üzrə missiyasında əlamətdar hadisə oldu:

“Təsadüfi deyil ki, gündəlikdə duran ilk iki məqsəd məhz yoxsulluq və aclığın aradan qaldırılmasına istiqamətlənib. Bu o deməkdir ki, yalnız bu məqsədlərə nail olmaqla dinc, inklüziv və dayanıqlı cəmiyyətlər qura bilərik. Kədərli və qeyri-təbiidir ki, XXI əsrdə dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir – bütün bunlar elə bir vaxtda baş verir ki, qlobal miqyasda ərzağın 1/3-dən çoxu atılır. İqlim dəyişikliyi qlobal ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da qeyri-müəyyən edir. Eyni zamanda, qloballaşma ənənəvi biliklər və kənd təsərrüfatının biomüxtəlifliyinin itirilməsinə gətirib çıxarıb. Bir sıra əsas mədəniyyətlərdən hədsiz asılılıq bizim ekosistemimizə, qida məhsullarının müxtəlifliyinə və insanların sağlamlığına mənfi təsir göstərir".

FAO-nun xoşməramlı səfiri bildirib ki, bütün tarix boyu müxtəlif mədəniyyətlər və xalqlar qida istehsalı və hazırlanmasının çoxsaylı üsullarını inkişaf etdiriblər:

“Bu ənənələrin qorunması və mübadiləsi ərzaq təhlükəsizliyini yaxşılaşdırır, icmaların həyat qabiliyyətini möhkəmləndirir, sabitlik və sülhə şərait yaradır. Beləliklə, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ənənəvi kənd təsərrüfatı biliklərinin yayılması və qorunması üçün böyük əhəmiyyət kəsb edir. Başqa sözlə, keçmişdə qalan məhsulun gələcəyin məhsulu olması üçün birləşməliyik”.