XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2017 - 11:25

ADP-dən xəyanətdə ittiham olunan bir qrup hərbi qulluqçunun həbsi haqda –Bəyanat

Azərbaycan Demokrat Partiyası bəyanat yayıb.

Partiyadan Strateq.az-a daxil olan bəyanatda deyilir:

"Azərbaycan Demokrat Partiyası Azərbaycan Respublikası Baş Prokurorluğunun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin xalqımıza, vətənimizə və dövlətimizə xəyanət yolunu tutan bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilməsi ilə bağlı yaydıqları birgə bəyanatdan dolayı ciddi narahatçılığını ifadə edir. 

ADP belə hesab edir ki, ordunun fəaliyyətində kifayət qədər şəffaflığın olmaması, ordu üzərində ictimai nəzarətin təmin edilməməsi, zaman-zaman müxalifət və ictimaiyyət tərəfindən orduda baş verən neqativ halların operativ qaydada obyektiv, hərtərəfli şəkildə araşdırılmaması dövlətimiz üçün bu cür təhlükəli nəticələrə gətirib çıxarmışdır. 

Xüsusi ilə ötən ilin aprel döyüşləri zamanı cəmiyyətimizdə orduda xəyanətkar elementlərin mövcudluğu ilə bağlı narahatçılıqlar və bu narahatçılıqlarla bağlı mətbuatda işıqlandırılan kifayət qədər ciddi faktlar bu günə qədər araşdırılmamışdır. Bu gün baş verənlər onu göstərir ki, cəmiyyətdə olan bu narahatçılıqların ciddi əsası vardır. 

ADP belə hesab edir ki, məlum hadisə ilə bağlı yaradılmış istintaq qrupunun fəaliyyətində aşkarlıq təmin edilməli, istintaqın nəticələri ilə bağlı cəmiyyətə obyektiv məlumatlar verilməli, eyni zamanda bu tipli hadisələrlə bağlı vətəndaşlarda olan məlumatların da toplanılması və obyektiv şəkildə araşdırılması təmin edilməlidir".