Ötən həftə Azərbaycan Beynəlxalq Bankının Amerika Birləşmiş Ştatlarında 15-ci maddə kimi tanınan müflisləşmə üçün müraciət etməsi ölkənin nəhəng sınaqlar qarşısında olduğunu göstərir.
"Amerikanın Səsi" radiosunun məlumatına görə, bu barədə “Qlobal Risklərə Baxışlar” adlı vebsaytı yazıb. Ceremi Luedinin məlumatına əsasən, portfoliosunun 80 faizini qaytarılmayan borclar təşkil etdiyi ABB xarici investorlara və təsisatlara yardım üçün üz tutub.
Eyni zamanda öz prioritetlərini restrukturlaşdırmaq istiqamətində addım atması Azərbaycanın bank sisteminə və ümumilikdə onun iqtisadiyyatına etimadı zəiflədir.
Beynəlxalq Bankın bəlalarını neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqələndirən Ceremi Luedi 2015-ci ildə manatın devalvasiyaya məruz qalmasının ardınca hökumətin bankı öz nəzarəti altına aldığını bildirir. “Hökumət bank portfoliosunun 80 faizinə nəzarət etdiyi üçün (2015-ci ildə bu rəqəm 51 faiz idi), bankın müflis olması həm də hökumətə olan etimada ciddi təsir göstərir.”
908 milyon dollar borcu olan ABB Dublində qərargahlanan “Rubrika Finance” təsisatına olan 100 milyon dollarlıq borcuna ödənişi buraxıb. Maliyyə naziri Samir Şərifovun mayın 23-də Londonda beynəlxalq investorlarla görüşü nəticə verməsə, ABB 2019-cu ildə tam ödəniş vaxtı çatacaq $500 milyon dollarlıq Avrobond ödənişi üçün cəmi bir neçə həftəlik müddətlə üzləşəcək. 2017-ci ilin 26 oktyabrında isə Azərbaycan əlavə $185 milyon dollar borc ödəməlidir.
Azərbaycan maliyyə sisteminin ciddi problemlərlə üzləşdiyini xəbər verən sayt ölkənin pul siyasətinin dağınıq addımlarla müşayiət olunduğunu bildirir. 2016-cı il ərzində 42 tenderdən 10-nun lisenziyası ləğv edilib ki, bu da qeyri-stabilliyin artmasına işarə edir.
Fitch maliyyə təsisatının eksperti Dmitri Vasilyev artıq maliyyə ekspertlərinin ABB-yə “iflasa uğramış” bank kimi baxdıqlarını deyir. Bankı iflasdan qorumaq üçün Azərbaycan hökumətinin $5.8 milyard dollarlıq pul transferi isə ölkənin büdcəsində 8.4 faiz həcmində kəsir yaradıb.
Azəri-Çıraq-Günəşli yataqlarında istismar olunan neft sayəsində Azərbaycanın ümumdaxili məhsulunun Sovet İttifaqı dağıldıqdan bəri 20 dəfə artıdğını vurğulayan təhlilçilər hazırda hasilatın azaldığını xəbər verir. Vəziyyət elə həddə çatıb ki, 2016-cı ildən başlayaraq Azərbacyan enerjini idxal etmək məcburiyyətində qalıb.
Azərbaycan hökuməti hazırda ümidlərini Cənub Qaz Dəhlizinə dikib ki, layihə reallaşarsa, Azərbaycan Avropanın qaz təchizatının 10 faizlik payına sahib ola bilər. 2025-ci ilədək illik 40 milyard kub metr qaz ixrac etməyə can atan Azərbaycan infrastrusktur layihələrinə milyardlarlda dollar pul yatırıb.
Qaz ixracında Azərbaycan dövlət neft şirkəti SOCAR-ın başlıca rol oynaması nəzərdə tutulur. Digər tərəfdən SOCAR-ın özü ciddi maliyyə problemləri ilə üzləşir. Belə ki, $2 milyard dollarlıq borcla onun əsas kreditoru elə ABB-dir. Beləliklə hökumət həm ABB-də, həm də SOCAR-da pul itirir.
“SOCAR-ın neqativ perspektivi ümumilikdə Azərbaycan iqtisadiyyatının neqativ perspektivini əks etdirir”,-deyə sayt yazır. Azərbaycanın ÜDM-i son iki ildə kiçilməkdə davam edib. Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədi ilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.
“Wall Street Journal” qəzeti xəbər verir ki, neftin qiymətinin kəskin enməsindən və valyuta məzənnələrinin dəyişməsindən ziyan çəkən Azərbaycan bankı Amerika məhkəməsində müdafiə olunmaq istəyir. Məhkəmə uyğun görərsə, bank ABŞ qanunvericiliyində nəzərdə tutulan müdafiə tədbirlərindən yararlana bilər. Bu tədbirlər kreditorların məhkəmə iddialarının dayandırılmasına və digər iradlarının qarşısının alınmasına imkan verir.
Strateq.az bildirir ki, artıq Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında 12 may 2017-ci il tarixində ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək. Bu barədə Beynəlxalq Bankdan bildirilib: “Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB Bankın xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət etdi. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir” – ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən bildirib.