“1992-ci ilin mayın 14-də Ayaz Mütəllibovun geri qayıdışı onun siyasətçi kimi savadsızlığından və Moskvadakı havadarlarının təzyiqindən irəli gələn hadisə idi”
Strateq.az bildirir ki, bu sözləri sabiq daxili işlər naziri İsgəndər Həmidov 25 il əvvəl baş vermiş prosesləri musavat.com-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, Moskvadakı dairələr Azərbaycanın müstəqilliyini qəbul edə bilmirdilər və Azərbaycanı yenidən Rusiyaya tabe etdirməyə çalışırdılar. Mütəllibovun hakimiyyəti zəbt etməsi bu planın həyata keçirilməsi üçün idi: “Bu baxımdan 15 may olmasaydı, Azərbaycan ikinci 28 apreli yaşaya bilərdi. Lakin xalqımız buna imkan vermədi.
Mayın 15-də saat 12-də xalqın Ali Sovetin qarşısına yürüşü başladı. Yürüşdə Əbülfəz Elçibəy yox idi. İsa Qəmbər, Pənah Hüseyn, Tahir Kərimli, Əli Kərimli, Arif Hacılı və digər tanınmış insanlar orada idi. Bizim bütün deputat korpusumuz xalqın önündəydi”.
İ Həmidovun sözlərinə görə, həmin dövrdə AXC-nin hakimiyyətə gəlmək fikri olmayıb: “Ayaz Mütəllibovun istefasından sonra üç ya müddətində prezident seçkisi nəzərdə tutulurdu. Hansı qüvvə həmin seçkidə hakimiyyətə gəlsəydi o da iqtidar olacaqdı. Biz seçki yolu ilə hakimiyyət formalaşmasının tərəfdarı idik. Düşünmürdük ki, nəyin bahasına olur-olsun mütləq AXC hakimiyyətə gəlməlidir. AXC-nin hakimiyyətə gəlməsi 1992-ci ilin 7 iyununda keçirilən qanuni prezident seçkilərində Əbülfəz Elçibəyin prezident seçilməsi ilə baş verdi. O vaxta qədər Ali Sovetin sədri, iki-üç nazir AXC-dən idi, qalan nazirlər isə əvvəlki hakimiyyətin kadrları idi. Hətta Ayaz Mütəllibovun baş nazir təyin etdiyi Rəhim Hüseynov AXC hakimiyyəti dövründə də həmin vəzifədə işlədi. AXC-nin hakimiyyətə gəlişi seçki nəticəsində baş vermişdi”.
İsgəndər Həmidov bildirib ki, 1992-ci il mayın 15-də AXC-nin dövlət çevrilişi etdiyi barədə iddialar əsassızdır: “Çünki əslində dövlət çevrilişini Ayaz Mütəllibov mayın 14-də həyata keçirmişdi. Ayaz Mütəllibov 1992-ci ilin martında səhhətinə görə prezident vəzifəsindən istefa vermişdi. Prezident səlahiyyətini Ali Sovetin sədri Yaqub Məmmədov həyata keçirirdi. Təxminən iki ay sonra-mayın 14-də Mütəllibov qəfildən geri dönərək güc yolu ilə Ali Sovetin binasına daxil olmuş və hakimiyyətə qayıtdığını elan etmişdi. O zamankı konstitusiyada istefa vermiş prezidentin sonradan geri qayıdıb özünü prezident elan etməsi nəzərdə tutulmurdu. Mütəllibov isə həmin addımı atmaqla konstitusiyanı pozmuş və dövlət çevrilişi etmiş oldu”.
Onun sözlərinə görə, Xalq Cəbhəsi konstitusiyanın bərpasına nail olmaqdan ötrü Ali Sovetin qarşısına yürüş-mitinq edib: “Bu yürüş-mitinq dövlət çevrilişi deyildi, dövlət çevrilişinin qarşısını almaq və konstitusiyanı pozanları geri oturtmaq üçün xalqın mübarizəyə qalxması idi. O dövrdə xalq hərəkatının aparıcı qüvvəsi olan AXC-nin qərargahının qarşısına xalq yığıldı və 15 mayda konstitusiyanın bərpası çağırışı ilə Ali Sovetə yürüş oldu. Bu hadisədə heç bir dövlət çevrilişindən, güc tətbiqindən söhbət gedə bilməz. Bir nəfərin belə burnu qanamadan dinc bir yürüş-mitinq keçirildi. 1 milyondan yuxarı insan bu yürüş-mitinqə qatılmışdı. Ona görə də cəmi bir gün öncə dövlət çevrilişi edib hər kəsi hədələyən Ayaz Mütəllibov qaçdı”.
İ. Həmidov deyib ki, Azərbaycanda məxməri inqilab 1989-cu ildən başlanmışdı və bu məxməri inqilab Azərbaycanın müstəqilliyinin əldə olunmasına nail ola bildi.
Ayaz Mütəllibov və bir sıra şəxslərin 15 may hadisəsini AXC-nin silah gücünə həyata keçirdiyi dövlət çevrilişi adlandırmasına gəlincə, İsgəndər Həmidov vurğuladı ki, Mütəllibov daim bu fikri təkrarlamaqla özünün həyata keçirdiyi dövlət çevrilişini pərdələməyə çalışır: “Ayaz Mütəllibov təbiətcə çox qorxaq, cılız bir siyasətçi olub. Qorxaqlığına və konstitusiyanı pozmasına həmişə bəhanələr axtarıb. Öz qorxaqlığının üstün malalamaqdan ötrü 25 ildir deyir ki, AXC tankla gəlib onu devirdi”.