XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2017 - 15:19

Milli Dirçəliş Hərəkatı Partiyası Qurultay keçirdi –Deputat Fərəc Quliyev yenidən sədr seçildi + VİDEO

Milli Dirçəliş Hərəkatı Partiyasının mayın 14-də İkinci Qurultayı keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, Qurultayın Təşkilat Komitəsinin üzvü, partiyanın Qarabağ Departamentinin sədri, Qarabağ döyüşçüsü, tanınmış ictimai-siyasi xadim Şakir Ağayev Qurultayı açıq elan etdikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Əbülfəz Elçibəyin və Şəhidlərimizin ruhuna bir dəqiqəlik sayqı duruşu elan edilib.

Ardınca, Qurultayın Say Komissiyasına, Mandat Komissiyasına, Qurultaya sədarətin və katibliyin şeçilməsi üçün namizədlər verilib və tərkibləri müəyyən olunub.

Millət vəkili Fərəc Quliyevin, Şakir Ağayevin və tanınmış politoloq Elşən Manafovun sədarətliyi ilə keçirilən Qurultayın gündəliyi təklif edilən əlavə və dəyişikliklərdən sonra təsdiqlənib.

Qəbul edilmiş gündəliyə uyğun olaraq, Qurultaylararası dövrlə bağlı MDHP sədrinin fəaliyyət hesabatı dinlənilib. Hesabatında geniş məruzə ilə çıxış edən Fərəc Quliyev partiyanın sağ-mərkəzçi strategiya müəyyən etdiyini və əsas fəaliyyət prioritetlərini qurultay iştirakçılarının nəzərinə çatdırıb: “Bloklarda təəhəddüd götürərək, bu öhdəliklərin girovuna çevrilmək siyasətini məqbul saymadıq. Bloklarla və təşkilatlarla İkitərəfli əməkdaşlıq sazişləri bağladıq. Kimliyindən asılı olmayaraq, ana prinsipimiz olaraq Dövlət Milliyyətçiliyi, vətənçilik kimi sadə davranış çərcivəsində, Dövlət və Millətimin maraqlarına xidmət edən prinsip, fəaliyyət, fərd və qurumları qarşılıq gözləmədən müdafiə etdik, dövlət və Millətimin maraqlarına qarşı olanların qarşısında olduq”.

MDHP sədri partiyada fərqli struktur formalaşdırdıqlarını və bunun gətirdiyi uğurları qeyd edib: “Partiyanın formalaşmasında Azərbaycandakı başqa partiyalardan fərqli olaraq struktur və müvafiq olaraq fəaliyyət fərqliliyin təmin etdik. Partiyada rayon şöbələri ilə yanaşı, departamentlik institutun – departamentlik idareetmə sistemini tətbiq etdik. Bu gün partiyamızın Qarabağ, Güney Azərbaycan, Qərbi Azərbaycan,Türk dünyası, Dərbənd, Borçalı departamentləri fəaliyyət göstərir. Bu, Milli problemlərə adekvat davranış və sistemdir”.

79 rayon şöbəsində 10 minlərlə partiya üzvləri və təəssübkeşlərin olan MDHP-nin əsas ideoloji hədəflərini Fərəc Quliyev belə ümumiləşdirib: “Biz fiziki olaraq hakimiyyətdə olmaqdan daha üstün hesab etdiyimiz, düşüncəmizin – Məhvərində Türklük olan Bütöv Azərbaycan mərkəzli düşüncə sisteminin – hakim olmasında maraqlıyıq. Fəxrlə deyə bilərik ki, artıq bu düşüncə sistemi cəmiyyətdə legitimlik qazanaraq alternativsizdir. Bu nailiyyətdə Partiyamızın 12 illik fəaliyyəti xüsusi yer tutur.”

F.Quliyev partiyanın media sahəsindəki fəaliyyəti, milli–mənəvi dəyərlərin təbliği məqsədiylə nəşr edlimiş çoxsaylı kitablar, həyata keçirilən tədbirlər və layihələr barədə də məlumat verib.

Ölkədə keçirilən seçkilərdə partiyanın aktiv fəaliyyətindən danışan Fərəc Quliyev bildirib ki, MDHP sonuncu Bələdiyyə seçkilərində 65 dairə üzrə 230 namizəd irəli sürüb, Milli Məclisə 01 noyabr 2015-ci il tarixdə keçirilən seçkilərə isə 63 namizəd irəli sürüb və onlardan da 17-si qeydə alınıb, 1 namizəd qalib olub, Dairə Seçki Komissiyaları üzrə verilən 32 namizəddən 26-sı təsdiqlənib.

Daha sonra partiya sədri və partiyanın Milli Məclisdə nümayəndəsi kimi göstərdiyi ictimai siyasi fəaliyyət barədə danışan Fərəc Quliyev bildirib ki, təkcə 2013-2017-ci illər ərzində 7726 elektron və çaplı KİV-də, 137 dəfə isə televiziya və radio kanallarında çıxış edib, ölkəmizdə və dünyada baş verən proseslərə partiya mövqeyini ortaya qoyub və təkliflər irəli sürüb. Millət vəkili kimi, dördüncü çağırış Milli Məclisin 5 illik fəaliyyətində keçirilən 102 iclasda 115 çıxış etdiyini, təxminən eyni sayda təkliflər verdiyini bildirən Fərəc Quliyev, beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə də ətraflı məlumat verib. 

Partiya sədrinin dolğun məruzəsini Qurultay iştirakçıları məmnunluqla qarşılayıblar. Sədrin hesabatı ilə bağlı çıxış edənlər fəaliyyətin olduqca faydalı və qənaətbəxş olduğunu bildiriblər.

Ardınca partiyanın maliyyə və Nizamnamə Komissiyasının hesabatları dinlənilib. Hesabatlarla bağlı verilən suallar cavablandırılıb.
Qurultayda partiyanın Nizamnaməsinə də dəyişikliklər edilib.

Partiyanın aktiv fəaliyyəti, seçkilərdə və siyasi proseslərdə yaxından iştirakını nəzərə alaraq, partiyanın Qurultayının 2 ildən bir deyil, 5 ildən bir keçirilməsi ilə bağlı verilmiş təklif qəbul olunub.

Sonra MDHP sədrinin seçilməsi üçün seçki keçirilib və açıq səsvermə ilə Fərəc Quliyev yenidən partiya sədri seçilib.

Ardınca partiya Ali Məclisinin və Nizamnamə Komissiyasının tərkibləri müəyyənləşərək təsdiqlənib.

İkinci Qurultayın Təşkilat Komitəsi və partiyanın departamentləri tərəfindən hazırlanmış qətnamələr və bəyanatlar dinlənilib. Verilmiş təkliflər nəzərə alınmaqla Qurultay tərəfindən qəbul edilib.

Rəsmi hissənin yekunu olaraq, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və iclas bağlı elan olunub.

MDHP sədri, millət vəkili Fərəc Quliyevin partiyanın İkinci Qurultayındakı hesabat məruzəsinin tam mətnini və videosunu təqdim edirik: