“Son günlər Cənubi Azərbaycanda kütləvi xalq etirazları baş verir. Bu etirazlara səbəb fars şovinizminin tərənnümçülərinin ardıcıl olaraq Azərbaycan turklərinin milli mənliklərini təhqir etmək, Azərbaycan türklərində aşağılıq kompleksi formalaşdırmaq və fars şovinizmini inkişaf etdirmək cəhdləri olub”.
Strateq.az xəbər verir ki, bu sözlər ADP-nin bu gün yaydığı açıqlamada yer alıb.
Məlumatda bildirilir ki, ADP beynəlxalq konyukturanın region üçün çox təhlükəli perspektivlər vəd etdiyi vaxtda İranda fars şovinistlərinin təxribat xarakterli hərəkatının çox böyük qanlı hadisələrə gətirib çıxara biləcəyindən öz naragatlığını ifadə edir:
“ADP belə hesab edir ki, İran dövləti vətəndaşlarının böyük çoxluğunu təşkil edən Azərbaycan türklərin hüquqlarını müdafiə etməli, milli ayrı-seçkiliyə son qoymalı, Azərbaycan türklərinin milli mədəniyyətini və etnik kimliyini inkişaf etdirmək üçün hər cür şərait yaratmalı və fars şovinizminin istənilən təzahürünə qarşı ciddi tədbirlər görməlidir.
ADP üzv və tərəfdarları İranda Azərbaycan türklərinin haqlı etirazlazrını dəstəklədiyini bildirir və dünya ictimaiyyətini İranda aparılan antitürk siyasətinə beynəlxalq hüquq çərçivəsində və İran dövlətinin beynəlxalq müqavilələrdə öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq qiymət verməyə çağırır.
ADP eyni zamanda Azərbaycan hökumətindən İranda soydaşlarımıza qarşı həyata keçirilən antiinsani rəftara və repressiyalara susqunluq göstərməməyi və baş vermiş hadisələrə özünün etirazını ifadə etməyi tələb edir”.
Strateq.az