Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki təşkilatının üç fəalı noyabrın 11-də dörd sutka inzibati həbs cəzası alıb.
Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (polisə tabe olmama) maddəsi ilə günahkar biliniblər. (Turan)
Xatırladaq ki, onlar noyabrın 10-da axşam Şəkidə “çay evi”ndə saxlanılıblar və növbəti gün məhkəmə qarşısında dayanıblar.
Məhkəmənin qərarı çərşənbə günü saat 23:00-da elan edilib. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib. Onun sözlərinə görə, fəallar uydurma ittihamlarla həbs olunublar. Həbsin əsl səbəbi “Facebook”da hakimiyyətin ünvanına tənqidi yazılardır. Belə ki, S.Həsənov rayon rəhbərini tənqid edib. Bundan sonra onu Şəki İcra Hakimiyyəti başçısının müavininin yanına çağırıblar, lakin o getməyib.
Bundan əlavə, bu fəallar öncə də şəhərdə vicdan məhbusları Xədicə İsmayılova, Seymur Həzi, Asif Yusifli və başqalarının fotolarını yayıblar.