“Mayın 14-15-də Ayaz Mütəllibova qarşı AXC tərəfindən dövlət çevrilişi olmuşdu. Yəni, Mütəllibov dövlət çevrilişi etməyib. AXC hakimiyyətə dövlət çevrilişi ilə gəlmişdi, Əbülfəz Elçibəy isə saxta seçkilərlə prezident olmuşdu. Həmin vaxtı seçkilərdə rəhmətlik Nizami Süleymanov qalib gəlmişdi”.
Bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadənin “Ölkə.Az”-a müsahibəsində deyib.
A.Əlizadə vurğulayıb ki, Nizami Süleymanov prezident olmağa Əbülfəz Elçibəydən daha layiqli idi: “Ən azı savadına görə Nizami Süleymanov Əbülfəz Elçibəydən üstün idi. Mən Elçibəyə də savadsız deyə bilmərəm. Amma dünya görüşü və savadına görə Nizami Süleymanov Əbülfəz Elçibəydən daha üstün idi. Bəlkə də Nizami Süleymanov prezident olsaydı, Qarabağ problemi də olmayacaqdı. Çünki Qarabağ məsələsinin həlli güclü ordunun yaranmasından keçirdi”-deyə A.Əlizadə bildirib.
O qeyd edib ki, bu sözləri o dövrdə keçirilən prezident seçkilərinin nəticəsi əsasında söyləyir: “Həmin vaxtı Nizami Süleymanov seçkilərdə qalib gəlmişdi. Lakin seçkilər saxtalaşdırıldı və Əbülfəz Elçibəy prezident oldu. Bununla da Azərbaycanda hərc-mərclik və xaos başladı, ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Allaha şükürlər olsun ki, o dövrdə Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanda baş verən xaosun qarşısını aldı. Yoxsa Azərbaycan dövləti məhv olub gedəcəkdi”.
Araz Əlizadə AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadəni də tənqid edib. O Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevlə müqayisə olunmasının dügün saymadığını bildirib: “Bu, doğru deyil. Hərənin tarixdə öz yeri var. Heç kəs heç kim yerini tutmur. Bunları müqayisə edən şəxslərin özləri səfehdirlər. Ancaq Azərbaycan tarixində Heydər Əliyevin müstəsna rolu və yeri var. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün nə edib, nə yarada bilib? Heç nə! Amma Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradıb. Yenə də deyirəm ki, mən bu şəxsləri müqayisə etmirəm. Çünki zaman və məkan tamam ayrı-ayrıdır. Ümumiyyətlə, Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevi müqayisə etmək mümkün və düzgün deyil”.