Noyabrın 15-16-da Türkiyədə “Böyük İyirmilər”in (G20) Sammiti keçiriləcək. Bununla bağlı birlik ölkələrindən olan 2 mindən artıq jurnalist tədbirin keçiriləcəyi Antalyaya toplaşıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah Sammitdə iştirak edəcək dünya liderləri Antalyaya toplaşacaq. Bu gün isə Beyin İyirmi (T20) samiti öz işinə başlayıb.
Samitdə dünyanın aparıcı beyin mərkəzləri nümayəndələri ilə yanaşı, hökümət və biznes təmsilçiləri iştirak edib. Samit dünya iqtisadiyyatındakı mövcud durumun qiymətləndirilməsinə çalışıb. Eyni zamanda “G20” liderləri üçün xüsusi təkliflər paketi də hazırlayacaq. Şərhçilərin fikrincə, bütövlükdə “Böyük İyirmilər”in Sammitinin asan keçməyəcəyi gözlənilir.
Qlobal iqtisadi geriləmələr, enerji resursların qiymətindəki azalmalar, Rusiyaya qarşı tətbiq edilən sanskiyalar fonunda dünyanın siyası və iqtisadi xərtəsi heç də aydın görsənmir. Sammitdə, həmçinin, BMT-nin 2015-ci ildə Baş İdarədə müzakirə etdiyi “Daimi İnkişaf Hədəfləri-2030 Təqvimi” çərçivəsində atılacaq addımların da müzakirəsi gözlənilir. Dünya liderlərinin gündəmində böyük beynəlxalq şirkətlərin də daxil olduğu vergidən yayınma ilə mübarizəyə dair yeni birgə iş planının da təsdiqlənməsi gözlənilir.
“G 20” nədir? İngiliscə “Group of 20” termininin qısaldılmış forması olan “G 20” dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirir. Dünya qlobal iqtisadiyyatına və siyasətinə istiqamət verən “G 20”-yə böyük sənaye və iqtisadi inkişafa malik olan 19 ölkə və Avropa İttifaqı daxildir. 20-liyə Türkiyə, ABŞ, İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, eləcə də Avropa İttifaqı Komissiyası və Avropa İttifaqı Şurası daxildir. Sammitlərdə eyni zamanda BVF, Dünya Bankı, OECD, Dünya Ticarət Təşkilatı, BMT kimi bir çox təşkilatlar da iştirak edirlər. Hazırda dünya iqtisadiyyatının 85faizini, ticarətinin isə təxminən 75 faizi məhz “G 20” ölkələrində reallaşdırılır. Həmin ölkələrin liderləri isə ildə bir dəfə quruma sədrlik edən ölkənin ev sahibliyi ilə toplanırlar.
Türkiyə keçiriləcək toplantı “Böyük İyirmilər”in sayca 10-cu Sammitidir. Türkiyədə keçiriləcək son toplantıda ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, İngiltərənin Baş naziri Devid Kemeron, Almaniya Baş naziri Angela Merkel, Fransa prezidenti Fransua Olland və çinin prezidenti Tszinpin və digər çox sayda üzv ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.
Eyni zamanda, ev sahibi Türkiyə bu il Sammitə Azərbaycan, Malaziya, Sinqapur, İspaniya, Afrika Birliyi, ASEAN və NEPAD-dan da qonaqlar dəvət edib. ölkəmizi “Böyük İyirmilər”in Sammitində prezident İlham Əliyev təmsil edəcək. Sammit Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Sammitin hədəflərini şərh edən politoloq Elxan Şahinoğlu “Böyük iyirmilər”in toplantısının Antalyada keçirilməsinin Türkiyə üçün çox önəmli olduğunu vurğulayıb: “Birincisi, bu Türkiyənin bölgədə və dünyada oynadığı rolun göstəricisidir. İkincisi, Türkiyə dünyanın əsas mövzularının müzakirə meydanına çevrilib və artıq Ankara da söz sahibidir. Türkiyə ev yiyəsi statusundan istifadə edərək qonaq qismində Azərbaycan prezidentini “Böyük İyirmilər”in toplantısına dəvət edib. Bir il ərzində Azərbaycan nazirlər səviyyəsində “Böyük İyirmilərin” digər toplantılarında da təmsil olunub. Ankara bununla böyük dövlətlərə bir daha mesaj göndərmiş olur ki, Azərbaycan Ankaranın strateji müttəfiqidir”.
Politoloq prezident İlham Əliyevin toplantıda iştirakının ölkəmiz üçün əhəmiyyətindən də danışıb: “Azərbaycan prezidentinin Anlalyadakı toplantıda iştirakı bizə bir neçə üstünlük qazandırır. öncə, prezident İlham Əliyev Azərbaycanın işğalı faktının ortadan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli vacibliyini böyük dövlətlərin liderlərinə çatdırmaq imkanı qazanır. Ayrıca, Azərbaycan prezidenti böyük dövlətlərin başçılarının müzakirəsinə qatılmaqla rəy bildirmək imkanına malik olur. üçüncüsü, toplantı çərçivəsində dövlət başçıları ikitərəfli görüşlər də keçirəcəklər ki, Azərbaycan prezidenti bu imkandan da yararlanacaq“.
Onu da deyək ki, samitin keçiriləcəyi Antalyanın Bələk bölgəsində xüsusi təhlükəsizlik tədbirləri görülüb. Bələk bölgəsinə giriş və çıxış ciddi şəkildə məhdudlaşdırıb. Təhlükəsizlik yalnız Türkiyə deyil, eyni zamanda digər aparıcı ölkələrin təhlükəsizlik qüvvələri tərəfindən qorunur. “G 20” Sammitinin təşkili məqsədilə Antalya hava limanında əlavə təyyarə və enmə sahəsi təşkil edilib. Toplantı boyu istifadə ediləcək 5 mindən yuxarı avtomobil icarəyə götürülüb.
Fərqanə Allahverdiqızı