XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2017 - 02:24

Daha bir prezident oğlunu öz yerinə hazırlamağa başlayıb –"Ətrafına inanmır"

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədovun oğlu Sərdar Berdımuhammədov Kazana rəsmi səfər zamanı ölkəsinin nümayəndə heyətinə başçılıq edib. Səfər çərçivəsində o, Tatarıstan prezidenti Rüstəm Minnixanovla görüşüb.

Türkmənistan parlamentinin qanunvericilik və normativlər komitəsinin sədri Sərdar Berdımuhammədov mayın 19-da Kazana səfəri zamanı Tatarıstan parlamentinin sədri Fərid Muxametşinlə də görüşüb.

Bundan başqa o, "Rusiya – İslam dünyası: KazanSummit-2017" IX beynəlxalq iqtisadi forumunda iştirak edib. Sərdar Berdımuhammədov həmçinin müsəlmanların ənənəvi "İzge Bulqar jıenı" qurultayında iştirak edib. "İzge Bulqar jıenı" qurultayı tatar xalqının 922-ci ildə İslamı qəbul etməsinin ildönümü münasibətilə keçirilir.

Ötən ilin sonundan bəri Türkmənistan parlamentinin deputatı seçilmiş, cəmi iki ay öncə isə parlamentin qanunvericilik komitəsinin sədri təyin edilmiş Sərdar Berdımuhammədovun Tatarıstanın dövlət xadimləri ilə görüşləri Türkmənistanın dövlət KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Məlum olduğu kimi, Sərdar Berdımuhammədovun siyasi karyerası nisbətən yeni başlayıb. Ötən ilin sonunda keçirilmiş parlament seçkilərinə qədər rəsmi mətbuatda onun özü və siyasi karyerası haqda hər hansı bir məlumat yox idi. Bilinən sadəcə onun Xarici İşlər Nazirliyinin xarici KİV-lərlə əlaqə departamentinə rəhbərlik etməsi idi. Sərdar Berdımuhammədovun bundan daha öncə bir neçə nazirlik və idarədə çalışdığı qeyd edilirdi.

Bundan başqa, qeyd edilirdi ki, Moskva Diplomatik Akademiyasının məzunu Sərdar Berdımuhammədov 2014-cü ildə namizədlik dissertasiyası müdafiə edib, 2015-ci ildə isə texniki elmlər doktoru elmi dərəcəsini alıb.

Bəs bu yaxınlarda üçüncü müddətə prezident seçilmiş Qurbanqulu Berdımuhammədovun yeganə oğlunun ölkənin siyasi həyatında bu şəkildə fəallaşması nədən xəbər verir? Dövlətin nəzarətində olan rəsmi mətbuatın onun bu fəaliyyətinə verdiyi əhəmiyyət nə ilə bağlıdır?

Azadlıq Radiosunun Türkmən xidməti bu barədə Azadlıq Radiosunun Mərkəzi Asiya üzrə şərhçisi Bruce Pannierlə söhbət edib.

"Prezident Qurbanqulu Berdımuhammədovun özünə varis hazırlaması haqda fərziyyələr əvvəllər də mövcud olub. Ancaq indi baş verənlərə baxsaq, hesab etmək olar ki, onun oğlu Sərdarı varis kimi qəbul edirlər. Ola bilsin ki, Sərdarın Tatarıstana göndərilməsi artıq indidən onun nə zamansa dövlətə rəhbərlik edəcəyini göstərən siqnaldır.

Başqa bir maraqlı məqam da var. Məlum olduğu kimi, son zamanlar Türkmənistan – Rusiya münasibətlərində kifayət qədər gərgin dövr yaşanır. Ola bilsin ki, oğlunu Tatarıstana göndərməklə prezident Berdımuhammədov danışıqlara hazır olduğunu nümayiş etdirmək istəyib", – Bruce Pannier deyir.

Ekspertin sözlərinə görə, bunu Tacikistan prezidenti İmaməli Rahmonun oğlu Rüstəm İmaməlinin karyera inkişafı ilə müqayisə etmək olar. "Ancaq Rüstəmin siyasi yüksəlişi Sərdarınkı qədər sürətli olmayıb. Hər dəfə növbəti rəhbər kürsüsünü tutmazdan öncə o, bir neçə il əvvəlki postunda qalıb. Maraqlıdır ki, cəmi bir neçə il öncə Sərdar haqqında ümumiyyətlə heç nə məlum deyildi. Sadəcə deyirdilər ki, "Berdımuhammədovun bir oğlu var". İndi birdən-birə, heç bir aşkar səbəb olmadan Berdımuhammədovun oğlunu tələm-tələsik bir vəzifədən o birinə keçirir, televiziyada göstərirlər. Bundan sonra nə olacağını görəcəyik. Ancaq etimad probleminin mövcud olduğu ortadadır. Daha doğrusu, söhbət prezidentin öz ətrafına qarşı etimadsızlığı amilindən gedir. Ola bilsin ki, Berdımuhammədov öz ətrafına inanmadığına görə, oğlunun vəzifəsini yüksəldir", – Bruce Pannier deyir.

Azadliq.org