XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 05:11

Real və NİDA Milli Şuranın 5 aprel mitinqinə qatılmayacaq

Real və NİDA Milli Şuranın 5 aprel mitinqinə qatılmayacaq

Erkin Qədirli: “Milli Şura qarşısında heç bir öhdəliyimiz yoxdur”

Rəhman Məmmədli: “Mitinq qərarını indiki məqamda düzgün hesab etmirik”

Xəbər verdiyimiz kimi, Milli Şuranın sədri Cəmil Həsənlinin “Azadlıq” qəzetinə müsahibəsi birmənalı qarşılanmayıb. C.Həsənli müsahibəsində “NİDA”çı gəncləri və REAL-ın icra katibi Natiq Cəfərlini tənqid edib: “çox təəssüf ki, biz yalnız hakimiyyətdən deyil, dostlarımızdan da zərbə aldıq. 15 mart mitinqinin qarşısını almaq mümkün olmayanda, xüsusi xidmət orqanları onun effektini azaldan təxribatlara əl atdılar.

Bu məqsədlə mitinq başlamazdan 30-40 dəqiqə əvvəl, adam az olan vaxt ətrafdakı hündür mərtəbəli binanın damından kamera ilə çəkilmiş meydanın görüntüsü “Mitinq “quş uçuşu” məsafəsindən” adı altında bizim çox hörmət etdiyimiz AzadlıqRadiosunun Azərbaycan xidmətinin səhifəsində yerləşdirildi və şəklin sol tərəfində də 16:31 zaman göstəricisi qoyuldu. Bax, bu, bizim üçün doğrudan da gözlənilməz oldu. Birincisi, ona görə ki, Azərbaycan cəmiyyətinin qarşısında böyük xidmətləri olan, hazırda isə hökumətin repressiyaları ilə üzləşən bir informasiya orqanı cəmiyyətdə mitinq haqqında yanlış təəssüratlar yaratmağa cəhd etmişdi.
İkincisi və bundan daha betəri isə o idi ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu təxribatı AzadlıqRadiosu kimi mötəbər bir quruma necə yol tapmışdı? Burada xüsusi xidmət orqanlarının məqsədi etibarlı bir informasiya orqanına istinadən mitinqi gözdən salmaq idi. Ona görə də sol tərəfində “16:31” zaman göstəricisi, sağ küncündə isə “Azadlıq Radiosu RFE/RL” brendi olan bu təxribat hökumətin nəzarətində olan medianın mitinq “təhlillərində” başlıca istinad nöqtəsi idi. Biz özümüzü tənqidə açıq bir qurum hesab edirik. Amma REAL-ın icra katibi Natiq Cəfərlinin mitinqdə səsləndirilən fikirləri tərsinə şərh edib aksiyanın hədəflərini tamamilə arzuolunmaz istiqamətə yönəltməsi də bizim üçün bir qədər gözlənilməz oldu.
Rəğbətlə yanaşdığımız NİDA Gənclər Təşkilatının mitinq müzakirələri də bizdə bəzi suallar doğurdu. Biz özümüzə dost hesab etdiyimiz hər iki quruma hörmətlə yanaşırıq, amma xatırlatmaq istəyirik ki, bizim bu qurumlara etimadımız onların mövcud təşkilat strukturlarından, sosial baza və siyasi imkanlarından çox böyükdür”.
Bu çıxışa təbii ki, adıçəkilən “cəbhə”lərdən müvafiq cavablar verildi. Amma “Yeni Müsavat” aksiyaya günlər qala hər iki qurumdan bu mitinqə qatılanların olub-olmayacağı ilə maraqlandı.
REAL hərəkatının üzvü, eks məclis sədri Erkin Qədirli “Yeni Müsavat”a açqılamasında bildirdi ki, 5 aprel mitinqinə qatılmayacaqlar. Müsahibimiz dedi ki, bunun C.Həsənlinin təşkilatın ünvanına söylədikləri ilə əlaqəsi yoxdur: “Cəmil Həsənlinin sözlərinin “təşkilatımızın ünvanına” söyləndiyini hesab etmirik, Milli Şuranın içində olan vəziyyətə bağlayırıq. Qatılmamağın səbəbi olmur ki. Bu, bizim təşkilati azadlığımızdır. Milli Şura qarşısında heç bir öhdəliyimiz yoxdur. öhdəlik götürüb qatılmasaydıq, onda niyəsini izah etməli olacaqdıq. Belədə isə qatılmamağımız deyil, qatılmağımız “niyə?” sualını doğurasıdır”.
NİDA üzvü Zaur Qurbanlı bildirdi ki, şəxsən bu aksiyaya qatılmayacaq. Amma müsahibimiz İdarə Heyətinin mövqeyini açıqlamaq səlahiyyətinin olmadığını vurğuladı.
NİDA İH üzvü Rəhman Məmmədli isə dedi ki, Milli Şuranın 5 aprel mitinqi İdarə Heyətində müzakirə olunub. Müsahibimizin sözlərinə görə, təşkilat olaraq mitinqə qatılmamaqla bağlı qərar verilib: “Amma üzvlərimizin iştirakı sərbəstdir. İstəyənlər iştirak edəcək. Qatılmama səbəbimiz mitinq qərarının indiki məqamda düzgün olmamasıdır. Hesab edirik ki, hakimiyyət qiymət artımının qarşısını indilik almağa çalışır. Beləliklə, xalq bahalaşmanı ciddi hiss etmir. Ancaq bir müddət sonra bunun qarşısını almaq mümkün olmayacaq. Həmin vaxt mitinq üçün daha uyğundur. Mitinq vasitədir, amma məqsəd deyil. Biz də məqsədlərimiz üçün lazım olan mitinqləri etməyi, həmçinin bu cür mitinqlərə qatılmağı düzgün hesab edirik”.