XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

27 May 2017 - 22:59

Səfir: “Regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir” –Düşənbədə rəsmi qəbul (FOTO)

Tacikistanın paytaxtı Düşənbədə “28 May – Respublika Günü” ilə bağlı rəsmi qəbul keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Strateq.az-a verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnləri səsləndirilib. Ardınca AR-in Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri A.Həsənov və TR Xarici İşlər naziri Sirocaddin Aslov çıxış ediblər.

Səfir çıxışında 23 ay mövcud olmuş şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və əhəmiyyəti barədə məlumat verərək qeyd edib ki, qısa müddət ərzində bütün dövlət atributları yaradılıb: "Qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurulub. Təəssüflər olsun ki, 28 aprel 1920-ci ildə ADR 11-ci Qızıl Ordu tərəfindən işğal olundu".

Səfir A.Həsənov Azərbaycanın 71 il sovet hakimiyyətinin tərkibində qaldığı illərdə, xüsusilə 1969-1982-ci ilərdə geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevrildiyini vurğulayıb: "Uğurlar, yəni elm-mədəniyyət, təhsil sahəsində inkişaf olsa da, Azərbaycan müstəqil və azad deyildi, müstəqil siyasət apara bilmirdi”.

Səfir A.Həsənov 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşdiyi, nəticədə 20 % torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması barədə danışıb. Həmçinin qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi və tələbi hakimiyyətə qayıdışına qədər Azərbaycanda iqtisadiyyat dağılmış vəziyyətdə idi: "H.Əliyev ilk növbədə vətəndaş müharibəsinin qarşısını aldı, neft strategiyasını həyata keçirməklə müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasını qoydu. Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük müdriklik, zərgər dəqiqliyi, qətiyyət və cəsarətlə həyata keçirir. Bunun nəticəsi olaraq, Azərbaycan Qafqazın ən qüdrətli dövlətinə çevrilmişdir. Bugün Azərbaycanın dünya miqyasında sözü və mövqeyi ilə hesablaşırlar. Bu, cənab Prezidentin apardığı siyasətin bariz nümunəsidir".

Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə danışıb. Hər il müxtəlif beynəlxalq idman oyunları, humanitar forumlar, musiqi festivalları barəsində səfir A.Həsənov geniş məlumat verib.

Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi tranmilli layihələr haqqında danışan səfir A.Həsənov, Qərb-Şərq Çin-Qafqaz-Avropa dəmiryolu xətti, Şimal-Cənub Fars körfəzi-Azərbaycan-Rusiya dəmiryolu xətti barəsində geniş məlumat verib: "Göründüyü kimi, regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir".

Səfir A.Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ili İslam Həmrəyliyi ili elan edildiyini və bunun nəticəsi olaraq Bakıda 12-22 may tarixlərində keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barəsində tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, 50-dən çox islam ölkəsindən 3000-dən çox idmançı qatılıb: "Oyunların qalibi 124 medalla Azərbaycan olmuşdur. Bu 124 medalın 75-i qızıl medallar təşkil edir". 

Səfir çıxışında eyni zamanda bildirib ki, Azərbaycan və Tacikistan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bizim bu bayram gününə təsadüf edir: "Bu, bizə ikiqat bayram əhval-ruhiyyəsi verir".

Çıxışının sonunda səfir A.Həsənov Tacikistanda yaşayan həmvətənləri təbrik edib, onlara xoş arzularını çatdırıb: “Arzu edirəm ki, hər bir azərbaycanlı vətəni ilə fəxr etsin və heç bir zaman qəlblərində vətən sevgisi əskik olmasın!”.

Ali qonaq qismində çıxış edən S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından “Respublika günü” münasibətilə təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb: “Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyev əsl lider olaraq vətəndaş müharibəsinin qarşısını alıb, dövlətini və xalqını böyük bəlalardan xilas edib".

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirərək qeyd edib ki, ikitərəfli münasibətləri müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur.

Qəbul zamanı Azərbaycanın mədəniyyəti, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü gözəl mənzərələrini əks etdirən videogörüntülər nümayiş etdirilib, Azərbaycanın klassik və muğam musiqisi səsləndirilib, 28 may – Respublika Günü ilə bağlı azərbaycan, tacik, ingilis və rus dillərində hazırlanmış pres-relizlər paylanılıb.