XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2017 - 19:22

YAP-dan PA-dakı dəyişikliklərə reaksiya:"Təsdiq edilən yeni struktur günün tələblərinə daha çox cavab verir”

"Prezident Administrasiyasında indi təsdiq edilən struktur günün tələblərinə daha çox cavab verir”.

Bu sözləri BakuPost.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Prezident İlham Əliyevin Prezident Administrasiyasında (PA) etdiyi struktur dəyişikliklərini şərh edərkən deyib.

O bildirib ki, PA-da aparılan islahatlar təbiidir: "Azərbaycan vaxtaşırı həm idarəetmə sistemində, həm cəmiyyətdə gedən proseslərlə bağlı islahatlar həyata keçirir. İslahatlar problemlərin daha operativ və yüksək səviyyədə həll edilməsi üçün şəraitin yaradılmasına xidmət edir. Bütün ölkədə islahatlar getdiyi kimi, prezidentin siyasətini həyata keçirən əsas orqan olan Prezident Administrasiyasında da vaxtaşırı islahatların keçirilməsi tamamilə təbiidir. Onlar qarşıda qoyulan vəzifələrin operativ həll edilməsinə, cəmiyyətdən olan məsələlər üzrə prezidenti məlumatlandırmağa, eyni zamanda prezidentdən gələn tapşırıqları yüksək səviyyədə həyata keçirməyə, həmçinin günün tələblərinə cavab verən proqramların hazırlanması məsələlərinə baxır.

Hesab edirəm ki, indi təsdiq edilən struktur günün tələblərinə daha çox cavab verir. Yəni şöbə müdirləri sadəcə şöbə müdiri olmayıb, prezidentin bu və ya digər istiqamət üzrə köməkçisi statusu vəzifəsinə qaldırılırlar. Bu, onların həm məsuliyyətini, həm səlahiyyətini artırır”.

Deputat Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılmasından da danışıb: "Günün tələbinə cavab verən Gənclər və idman məsələləri şöbəsinin yaradılması da Azərbaycan dövlətinin gənclər siyasətinə çox böyük önəm verdiyini göstərir. Ümumiyyətlə gənclər, sağlamlıq, idman və ölkənin gələcəyi məsələləriylə artıq ayrıca bir şöbənin məşğul olmasına çox böyük ehtiyac var”.

A.Mirzəzadə vəzifəsiz qalan yüksək ranqlı məmurlar məsələsinə də toxunaraq belə şərh verib: "Konkret şəxslərin təyinatı prezidentin səlahiyyətində olan məsələlərdir. Hesab edirəm ki, onun təyinatı həmişə qarşıya qoyulan məsələlərin daha dəqiq və operativ həll edilməsi məsələlərinə xidmət edir”.