XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 15:43

Deputat:"Antiazərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi iflasa uğradı"

“Bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərir”.

Bunu açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.

E. Nəsirov bildirib ki, son günlər yenidən bir sıra beynəlxalq QHT-nin dilindən bir nəfərin adı düşmür: “Bu, özünü jurnalist kimi təqdim edən Əfqan Muxtarlıdır. Əslində nəyin baş verdiyi Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Həmin müəyyən anti-Azərbaycan mövqeli, anti-Azərbaycan yolu seçmiş beynəlxalq QHT-lər indi onlarla əməkdaşlıq edən, anti-Azərbaycan planlarının həyata keçirilməsində bir alət kimi çıxış edən Əfqan Muxtarlıdan istifadə etməyə başlayıblar. Əfqan Muxtarlı heç jurnalist kimi də Azərbaycan cəmiyyətində tanınmayıb, daha çox Xədicə İsmayılovanın şəxsi mühafizəçisi kimi təqdim olunub. Həmin qüvvələr bu gün mühafizəçi-jurnalisti qəhrəman etmək istəyirlər”.

Millət vəkilinin sözlərinə görə, Əfqan Muxtarlı və onun kimilər Gürcüstanda müxtəlif yollarla sığınacaq tapıb, bu ölkədə Azərbaycan əleyhinə şəbəkə formalaşdırılıb: “Həmin şəbəkəyə də Əfqan Muxtarlı kimi antimilli ünsürlər cəlb edilib və Azərbaycana qarşı Gürcüstandan təzyiq göstərməyə çalışırlar. Məqsəd odur ki, ilk növbədə Azərbaycanın beynəlxalq imicinə zərbə vurulsun, nüfuzu ləkələnsin. İkincisi, bunu Gürcüstandan həyata keçirməklə Azərbaycanın strateji tərəfdaşı olan bu ölkə ilə münasibətlərimizə xələl gətirmək, korlamaq istəyirlər. Bu baxımdan Gürcüstanın seçilməsi təsadüfi deyil. Halbuki Azərbaycanla Gürcüstan bir çox fundamental məsələdə ortaq mövqeyə malikdir, strateji tərəfdaşlığa malik dövlətlərdir. Xüsusən enerji, nəqliyyat və digər sferalarda iki ölkənin çox sıx münasibətləri var. Xalqlarımız və dövlətlərimiz dostdur, bizi ümumi tarix birləşdirir. Həm xaricdə olan anti-Azərbaycan qüvvələr, həm Ermənistan və dünyadakı və Gürcüstandakı erməni lobbisi ciddi-cəhdlə çalışırlar ki, hər oyundan çıxsınlar, Gürcüstanla Azərbaycan münasibətlərinə ziyan vursunlar, bu münasibətlərə kölgə salsınlar. Bu niyyətlərini də jurnalist-mühafizəçi Əfqan Muxtarlı kimi antimilli ünsürlərdən istifadə etməklə reallaşdırmaq istəyirlər. Təbii ki, onların qeyri-qanuni və Azərbaycan əleyhinə fəaliyyəti Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq mühafizə orqanlarının diqqətindən yayına bilməzdi. Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin anti-Azərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilib, bu təxribatçı fəaliyyətin  qarşısının alınması üçün konkret tədbirlər həyata keçirilir. Əfqan Muxtarlı və onunla birgə fəaliyyət göstərən şəxslərin çox geniş bir şəbəkəsinin olduğu üzə çıxıb”.

E. Nəsirov qeyd edib ki, jurnalist-mühafizəçi Ə. Muxtarlının saxlanılmasından sonra ermənipərəst qüvvələr, Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV və təşkilatlar Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar: “Bu, bizi təəccübləndirmir. Çünki Əfqan Muxtarlı və digərləri həmin qüvvələr üçün heç bir dəyərə malik deyillər. Anti-Azərbaycan qüvvələr üçün Əfqan Muxtarlı kimilərin o zaman dəyəri olur ki, onlar öz millətinə, dövlətinə qarşı xəyanət yolu seçsinlər, təxribatla məşğul olsunlar, xalqına qarşı düşmən kimi çıxış etsinlər. Belə olan halda Əfqan Muxtarlı anti-Azərbaycan qüvvələr üçün mahiyyət kəsb edir. Anti-Azərbaycan qüvvələr bu insanlardan bir əlcək kimi istifadə edir, məqsədlərinə çatandan sonra isə kənara atırlar. Bu cəhdlərin heç bir mənası yoxdur. Əfqan Muxtarlının Azərbaycana qarşı hər zaman düşmən mövqedən çıxış edən “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlara əməkdaşlıq etməsi bizə bəllidir. Onlar hər zaman beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğul olublar. Bütün bunları həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti bilir. Lakin bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Fərqindədirlər ki, bu insanlar satılmış, mənəviyyatlarını itirmiş insanlardır, əqidələri yoxdur, pul üçün satqınlığa, hər şeyə hazırdırlar. Ona görə bu insanların cəmiyyətdən təcrid olunması, hüquq müstəvisində cəzalandırılması həm Azərbaycan, həm də Gürcüstan xalqının istəyidir. Nə qədər ki, belə insanlar anti-Azərbaycan və anti-Cürcüstan qüvvələrin əlində alət olacaqlar, onları yalnız belə aqibət gözləyəcək. Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğrayıb”.

Millət vəkili, professor Musa Qasımlı açıqlamasında deyib ki, son hadisələrlə bağlı olaraq Gürcüstanda bəzi qruplar tərəfindən Azərbaycan əleyhinə aparılan kampaniyanın, gürcü hakimiyyətinə edilən təzyiqlərin səbəbləri aydındır: “Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan dövlət orqanları tərəfindən Azərbaycan əleyhinə olan şəbəkənin ifşa olunması onlara vurulan ağır zərbə oldu. Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq münasibətləri regionda gərginliyin olmasında maraqlı görünən bəzi xarici ölkələr, xüsusən Ermənistan tərəfindən hiddətlə qarşılanır və iki ölkə arasında qarşılıqlı münasibətləri pozmaq üçün müxtəlif yollara, böhtanlara baş vururlar, vəsaitlər xərcləyirlər. Hesab edirəm ki, indiyədək olduğu kimi, bu dəfə də belə cəhdlər uğursuz olacaq”. (APA)