XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

04 İyun 2017 - 09:57

Bəxtiyar Sadıqov:"Gürcüstan hakimiyyəti ermənipərəst qüvvələrin təxribatına uymur"

Bu gün Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV-lər və təşkilatlar Əfqan Muxtarlını cidd-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar.

Bu barədə Trend-ə açıqlamasında millət vəklili Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, Əfqan Muxtarlı həmin şəxslərin təsiri altında antiazərbaycan təbliğatı aparanlardandır: "Təəssüf ki, bəzi antiazərbaycan qüvvələr bu cür cinayətkar şəxslərin müdafiəsinə qoşularaq haqsız çağırışlar edirlər, onun jurnalistliyini önə çəkirlər. Amma, əslində bu belə deyil. Əfqan Muxtarlının cinayət törətdiyi, Azərbaycan Cinayət Məcəlləsinin konkret maddəsilə ittiham olunduğu məlumdur. Əfqan Muxtarlı həmin maddələrlə təqsirləndirilib və bu işi məhkəmə araşdıracaq. Onun bu cinayəti törədib-törətmədiyi isə məhkəmə araşdırmasından sonra məlum olacaq".

Bəxtiyar Sadıqovun sözlərinə görə, ermənilərin Əfqan Muxtarlını müdafiə etməsi onu göstərir ki, onun erməni və ermənipərəst qüvvələrlə güclü işbirliyi olub: "Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycan vətəndaşının xarici ölkədən qrant alması qadağan edilib. Amma bu şəxslər müəyyən yollarla xaricdən qrant almaqla Azərbaycana qarşı təbliğat aparırlar. Ona görə də həmin şəxslər həbs edilərkən antiazərbaycan qüvvələr onları müdafiə edirlər. Azərbaycan hüquq-mühafizə orqanları isə bu cür halların qarşısını alır. Ermənistan mediası Gürcüstandakı antiazərbaycan şəbəkənin dağıdılmasını "Gürcüstanın nüfuzuna xələl gətirən" hal, Azərbaycanın Gürcüstana qarşı "təxribatı" kimi qələmə verməyə cəhd göstərir. Bununla onlar iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmaq niyyətlərini güdürlər. Lakin Gürcüstan hakimiyyəti də, vətəndaşları da bu təxribata uymurlar.". (Trend)