XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2017 - 12:22

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə strateji araşdırmaçılarının konfransı keçirilir

 Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirilir.

 APA-nın məlumatına görə, konfransa hər 3 ölkənin beyin mərkəzlərinin təmsilçiləri qatılıb.

 Tədbirdə çıxış edən Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı artıq öz bəhrəsini verir. O deyib ki, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır: “Əməkdaşlığın çox böyük perspektivləri var və bunu davam etdirmək lazımdır. Bu əməkdaşlıq regionda təhlükəsizlik, sabitlik və davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil”. 

Daha sonra çıxış edən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı böyük təcrübəyə malikdir: “Son layihələrdən nəqliyyat sazişi, limanların tikintisi, gələcəkdə Çinlə nəzərdə tutulan sazişin imzalanması, Türkiyənin Mərkəzi Asiya dövlətlərinə çıxışı, Azərbaycanın Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsində rolu əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Tarix göstərir ki, bu əməkdaşlıq müstəqilliyimizi möhkəmləndirdi. Bizim bölgədə stabillik və təhlükəsizliyin təminatı çox vacibdir. Təhlükəsizliyimizin təmin olunması digər dövlətlərə qarşı yönəlməyib. Lakin xaricdə bəzi dairələr bu formatın kiməsə qarşı yönəldiyini iddia edirlər. Onlar bu məsələdə öz məqsədlərini güdürlər. Biz bu formatı qorumalıyıq”.

Gürcüstanın Avropa İttifaqı Tədqiqatları Mərkəzinin direktoru Kaxa Qeqolaşvili və Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Mesut Özcanın çıxışlarından sonra tədbir panel müzakirələri ilə davam etdirilib.