XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2017 - 13:52

Sabiq nazir Misir Mərdanov:“Eldar Mahmudov mənə heç vaxt “qarmaq” atmayıb”

Sabiq təhsil naziri Misir Mərdanov vəzifədə olarkən ləğv edilmiş Milli Təhlükəsizlik Naziriliyi tərəfindən hər hansı qeyri-qanuni yoxlamaya, təzyiqə məruz qalmadığını deyib.

Strateq.az bildirir ki, keçmiş nazir Modern.az-a verdiyi müsahibədə bununla bağlı verilmiş sualı cavablandırarkən bildirib. “Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bir çox nazirliyə “qarmaq” atdığı deyilir. Siz nazir olarkən, Təhsil Nazirliyinə də “ilişmək” istəmişdilərmi?” sualının cavabında Misir Mərdanov “xeyr, heç zaman belə söhbət olmayıb” deyib.

O həmçinin bir vaxtlar əhalinin sosial müdafiəsi naziri olmuş Əli Nağıyevlə aralarında olan mübahisələrə də aydınlıq gətirib: “Bu mövzuda danışmaq istəmirəm. Əli Nağıyev indi işləmir. Elə adamın xətrinə dəymək olmaz. Adam Allah tərəfi danışar, Əli Nağıyevin özünün də müsbət cəhətləri var”.

 Misir Mərdanov bildirib ki, sabiq həmkarı ilə münasibətləri var:  “Müəyyən tədbirlərdə görüşürük, səmimi söhbətlərimiz olur”.

M. Mərdanovun sözlərinə görə, aldığı 2200 manat təqaüd və 900 manat maaş onun dolanışığına bəs edir: “Tam bəs edir. Evdə mən və həyat yoldaşımdır. Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur. Hesab edirəm ki, dediyiniz məbləğ nəinki bizim, övladlarımızın da müəyyən ehtiyaclarını ödəyə bilər. Mən heç zaman bədxərc adam olmamışam. Həmişə hər şeydən qənaətlə, səmərəli istifadə etməyə çalışmışam”.

Misir Mərdanovun sözlərinə görə, fəaliyyət göstərdiyi bu illər ərzində cəmiyyətdə özünə qarşı həmişə  çox böyük hörmət, ehtiram görüb: “Hesab edirəm ki, keçmişdə çəkdiyim zəhmətlər hədər getməyib. Hər yerdə, uşağından böyüyünə qədər mənə hörmət edirlər. Hara gedirəm, qapılar üzümə açılır, hörmətlə yanaşılır. Hətta yolda maşınla gedəndə yol polislərindən, müfəttişlərdən həmişə hörmət görmüşəm. Bu baxımdan mən özümü xoşbəxt sayıram”.